...

"Azərbaycandan Misirə könül körpüsü" adlı sərgi təşkil edilib (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2018 18:55 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində "Azərbaycandan Misirə könül körpüsü" adlı tədbir keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, Qobustan rayon A.O. Çernyayevski adına 1 nömrəli şəhər tam orta məktəbində keçirilən tədbiri Bilik Fondunun yerli nümayəndəsi, təhsil ocağının direktoru İmran Sabirov açaraq, yeniyetmə və gənclərin müxtəlif ölkələrin tarixi, mədəniyyəti, təhsili haqqında geniş bilgilər almağa maraq göstərdiklərini vurğulayıb. İ.Sabirov Bilik Fondunun maarifləndirici layihələrə verdiyi dəstəyin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini deyib.

İştirakçılara Misir mədəniyyəti nümunələrindən ibarət sərgi nümayiş olunub.

Bu ölkənin dünəni və bu gününü özündə əks etdirən sənədli filmə baxışdan sonra Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri – mədəniyyət attaşesi Əhməd Sami Elaydi məruzə ilə çıxış edib. Ə.Elaydi təmsil etdiyi ölkənin qədim mədəniyyəti, Misir-Azərbaycan əlaqələrinin tarixi və bu əlaqələrin inkişaf mərhələləri barədə ətraflı məlumat verib.

Məruzəçi Azərbaycanla Misir arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə davam etdiyini xatırladaraq, elmi və mədəni əlaqələrin daha da genişlənməsi məqsədi ilə keçirilən maarifləndirici tədbirlərə qatılmaqdan, Bilik Fondunun proqram və layihələrində iştirak etməkdən məmnun olduğunu bildirib.

Tədbirdə çıxış edən Bilik Fondunun sektor müdiri Hacı Abdulla gənclərin dünyagörüşünün hərtərəfli inkişafı üçün bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonda tədbir iştirakçılarına Misirin mədəniyyəti, tarixi, memarlıq nümunələri haqqında kitab paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti