...

Bakıda İslamofobiyaya həsr olunan 3-cü beynəlxalq elmi konfrans keçiriləcək (FOTO)

Cəmiyyət Materials 23 May 2025 12:34 (UTC +04:00)
Bakıda İslamofobiyaya həsr olunan 3-cü beynəlxalq elmi konfrans keçiriləcək (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 26-27 may tarixlərində İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Trend xəbər verir ki, G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır.

Beynəlxalq elmi konfransın keçirilməsində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. 100-dən artıq xarici qonağın iştirak etdiyi konfransda “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılacaq.

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti