...

"Barmek"in prezidenti və 7 əməkdaşı barəsində məhkəmə iclası təxirə salınıb

Cəmiyyət Materials 27 Mart 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bu gün hakim Sədrəddin Hacıyevin sədrliyi ilə"Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin daha 7 əməkdaşı barəsindəki cinayət işi üzrə hazırlıq iclası növbəti dəfə təxirə salınıb. Hazırlıq iclası martın 28-ə təyin olunub. İclasın təxirə salınmasına səbəb vəkillərdən bir neçəsinin digər proseslərdə iştirak etməsi olub.

İstintaqla müəyyən edilib ki, İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib. Müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, "Barmek" şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmayıb, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə şirkətin istehlakçıları hesabına həyata keçirilib.

İstintaq həmçinin müəyyən edib ki, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul - 9 milyon 143 min 940 AZN dəyərində özgə əmlakı mənimsəmə və ya israf etmə yolu ilə talan edilib.

Şirkətin prezidenti Hüseyn Arabul Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs və digər qəti-imkan tədbirləri seçilib.

Xəbər lenti

Xəbər lenti