Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir E.Ismayılov /
İlin sonuna kimi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Naxçıvan Muxtar Respublikasında (NMR) qazın sıxılması və saxlanılması üzrə kompleksin inşasına başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı "Azəriqaz" İB-nin (ARDNŞ-in tərkibində olan) rəhbəri Əkbər Hacıyev deyib.
Hacıyevin dediyi kimi, hazırda qazın saxlanılması üzrə kompleksin yaradılması çərçivəsində layihələndirmə işləri aparılır.
"Layihə demək olar ki, hazırdır. Böyük ehtimal ki, ilin sonunadək tikinti işləri başlayacaq", - Hacıyev deyib.
Bir müddət əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin dediyi kimi, NMR-də qazın sıxılması və saxlanılması üzrə kompeksin gücü son mərhələdə 150 milyon kubmetr təşkil edəcək. İlkin mərhələdə isə bu göstərici 90 milyon kubmetr olacaq.
Yeni kompleksin inşası NMR-in enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək. Kompleks qış dövründə qaz tədarükü kəsildiyi təqdirdə NMR-i istər İran, istərsə də Türkiyə əraizisi ilə qazla təmin etməyə imkan verəcək.
Bir müddət öncə Naxçıvanda yeraltı qaz anbarı yaradılması məqsədilə axtarış işləri aparılıb. Bir axtarış quyusu qazılıb. Görülən işlər Naxçıvanın geologiyasının yeraltı qaz anbarı yaradılmasına imkan vermədiyini göstərib. Buna görə də qazın sıxılması və saxlanılması üzrə anbarın inşası barədə qərar qəbul edilib.
Azərbaycanda iki yeraltı qaz anbarı var. Qaradağ anbarının işlək həcmi 500 milyon kubmetr, Kalmaz yeraltı qaz anbarının işlək gücü isə 1,1-1,2 milyard kubmetrdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]