Bakı. Trend:
Türkiyə ABŞ-ın Rusiyadan S-400-ləri aldığı üçün onu istisna etdiyi F-35 tədarük proqramına qayıtmaq istəyir. Ankara Vaşinqtonu döyüş təyyarələrinin satışı müqabilində komplekslərdən istifadə etməyəcəyi barədə məlumatlandırıb.
Trend-in "Cumhuriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə Yunanıstan aviasiyası üzərində üstünlük əldə etmək üçün ABŞ-dan yeni nəsil F-35 qırıcıları almaq istəyir.
Qəzetin yazdığına görə, F-35-lərin tədarükü proqramına qayıtmaqla bağlı danışıqlar zamanı Türkiyə Amerika tərəfinə Rusiyadan əvvəllər aldığı S-400 hava hücumundan müdafiə sistemlərini işə salmamağı təklif edib: “Onları qutulara qoyaq, siz də onları yoxlayın." Nəşr yazır ki, Rusiyadan 2,5 milyard dollara alınan komplekslər hələ də Türkiyədəki anbarlarda saxlanılır.
ABŞ-ın Ankaradakı səfirliyinin yüksək vəzifəli nümayəndəsi bu məlumatları təkzib etməyib. "İndi top Türkiyənin meydançasındadır, onlar F-35-in alınması üçün tələbləri yaxşı bilirlər" dedi.