...

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarıldı

Siyasət Materials 22 Dekabr 2011 19:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında sərəncam imzalayıb.
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarıldı

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilsin.

Nazirlər Kabineti üç ay müddətində: "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazi dairəsinin və fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar olaraq onun strukturunda və əsasnaməsində müvafiq dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədlərini müəyyənləşdirib təsdiq etmək tapşırılıb.

Sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yeni idarəetmə strukturunun təsdiq edilməsi, maddi-texniki bazasının gücləndirilməsi, ərazinin mühafizəsi, turizmin inkişafı məqsədi ilə yeni obyektlərin, xidmət sahələrinin və yardımçı təsərrüfatların yaradılması, təbii landşaftın bərpası, tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və istifadəyə uyğunlaşdırma işlərinin aparılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Prezidenti İlham Əliyev, həmçinin, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun maddi-texniki bazasının gücləndirilməsi, ərazinin mühafizəsi, turizmin inkişafı məqsədi ilə yeni obyektlərin, xidmət sahələrinin və yardımçı təsərrüfatların yaradılması, təbii landşaftın bərpası, tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və istifadəyə uyğunlaşdırma işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Qala kəndi Abşeronun ən qədim yaşayış məskənlərindən biridir. Təxminən beş min il yaşı olan bu kənddə canlı tarix mühiti şəraitində qədim memarlıq və arxeoloji abidələr, o cümlədən yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər, hamamlar və digər maddi mədəniyyət nümunələri kompleks şəklində qorunub saxlanılır. 1988-ci ildən kəndin tarixi hissəsi dövlət tarix-etnoqrafiya qoruğu elan edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə qoruğun ərazisində yaradılmış Arxeoloji-Etnoqrafik Muzey Kompleksi mədəni irsimizi geniş təbliğ etməyə, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Görülmüş işlər nəticəsində Muzey Kompleksində Azərbaycan xalqının mədəniyyətinin və məişətinin əsrlər boyu necə inkişaf etdiyini bir məkanda canlı izləmək imkanı yaranıb.

Xəbər lenti

Xəbər lenti