...

Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir - Deputat

Siyasət Materials 1 Fevral 2024 12:21 (UTC +04:00)
Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra xüsusi diqqət yetirdiyi sahələrdən biri də gənclər siyasəti oldu. Çünki ümummilli liderimiz çox gözəl bilirdi ki, ölkəmizin gələcək inkişafı məhz gənclərdən asılıdır. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, gənclərin problemlərinin həlli, onların təhsilinin təşkili istiqamətində ciddi tədbirlər görülməyə başladı.

“Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması daim gənclərə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, ölkə gəncləri onlara göstərilən diqqət və qayğını daim öz üzərində hiss edirdilər.

“1996-cı ilin 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

A.Həsənova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. “Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.

Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”, - deyə A.Həsənova qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar ortaya qoyuldu.

“Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları, Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib”, deyə A.Həsənova əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycanda aparılan bu nümunəvi gənclər siyasəti öz bəhrəsini layiqincə verib.
“Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda vətənpərvər, Vətən yolunda daim canını belə qurban verməyə hazır olan gənc nəsil yetişib. Məhz bu gənc nəsil idi ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdilər. Azərbaycanda Vətənini, dövlətini sevən gənclik bizim ən böyük və əvəzolunmaz sərvətimizdir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti