Bakı. Trend:
Azərbaycan ilə Türkiyə vahid mövqedən çıxış edir. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz davam edəcək. Bu siyasət ölkələrimizə bölgəyə sülh, əmin-amanlıq və sabitlik gətirəcək.
Trend xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Ermənistanla danışıqlar prosesinə toxunan Azərbaycanın XİN rəhbəri vurğulayıb ki, sülh prosesinin tamamlanmasına əsas maneə Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı davam edən ərazi iddialarıdır.
Nazir, həmçinin, son vaxtlar bölgədə müşahidə olunan narahatedici tendensiyaya diqqət çəkərək bildirib: “Ermənistan sürətlə silahlanır və bu prosesə dəstək verən üçüncü ölkələr mövcuddur. Bu çox yanlış siyasət bölgəmiz üçün əlavə təhlükə mənbəyidir.”
Ceyhun Bayramov qeyd edib ki, rəsmi Bakı bütün prosesləri diqqətlə izləyir və addımlarını Türkiyə ilə sıx koordinasiya edir.