...

Azərbaycanda dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasında əsaslı dəyişiklik yaranıb

Cəmiyyət Materials 23 Avqust 2011 15:20 (UTC +04:00)
Azərbaycanda son 1 ildə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasında əsaslı dəyişiklik yaranıb.
Azərbaycanda dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasında əsaslı dəyişiklik yaranıb

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda son 1 ildə dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasında əsaslı dəyişiklik yaranıb.

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynalov Trend-ə bildirib ki, Prezidentin imzaladığı fərmana uyğun olaraq dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyəti Ədliyyə Nazirliyi tərəfindən ildə iki dəfə Prezidentə məruzə olunmalıdır.

Zeynalov dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyətində dönüş yaranmasını da bununla əlaqələndirib.

Onun sözlərinə görə, məlum fərmandan sonra dövlət orqanları tərəfindən məhkəmə qərarlarının 92 faizi icra olunub.

Zeynalov əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə qərarlarının icrasında da son illər irəliləyiş olduğunu vurğulayıb.

O bildirib ki, əmək haqqının və pensiyaların ödənilməsi, işə bərpa ilə bağlı qərarların icrasında irəliləyiş var.

"Əvvəllər belə işlər yüzlərlə idi. İndi icraatda bu qəbildən olan işlərin sayı bir neçədir. Bu ilin 6 ayında idarənin icraatında işə bərpa ilə bağlı 94 icra sənədi olub. Onlardan 57-si icra olunub, digərlərinin isə icrası davam edir", - Baş İdarə rəisi deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, digər şirkətlər tərəfindən də əmək hüquqlarının bərpası ilə bağlı icraatda olan işlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Zeynalovun sözlərinə görə, qanuna əsasən, icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər.

O, hazırda xidmətin icraatında Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə əlaqədar əmək qanunvericiliyinin pozulması ilə bağlı işlərin olmadığını, həmin şirkətlər tərəfindən bu sahədəki qərarların vaxtında icra edildiyini deyib.

Xəbər lenti

Xəbər lenti