Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə burada işgüzar səfərdə olub.
Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyanın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri ilə görüşü keçirilib. Görüşdə qubernator Xuan Tsyan bildirib ki, Azərbaycan-Çin münasibətlərinin bu cür yüksək səviyyədə olması və inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının rəhbəri cənab Si Tsinpinin böyük səylərinin nəticəsidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv siyasət və uğurlu islahatlar sayəsində Azərbaycan və paytaxt Bakı şəhəri yüksək inkişaf tempi nümayiş etdirir və dünyada özünəməxsus yer tutur. Qubernator Azərbaycandakı inkişaf və stabilliyi vurğulayaraq Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xüsusi qeyd edib. Danışıqlar zamanı qubernator Xuan Tsyan tərəfindən Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan marağını nəzərə alaraq Çendu–Bakı təyyarə marşrutunun açılması təklifi irəli sürülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sıçuan
əyalətinin inkişaf sahəsində əldə etdiyi uğurları qeyd edərək
bildirib ki, son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin
uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Bakı şəhəri yeni görkəm
alıb və sürətlə inkişaf edir.
Görüşdən sonra “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri ilə
Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq və
tərəfdaşlıq münasibətlərinin qurulması barədə anlaşma Memorandumu”
imzalanıb.
Daha sonra Bakı şəhərinin nümayəndələri Çin Xalq Respublikasının paytaxtı Pekinə gələrək Pekin şəhər meriyasında merin müavini xanım Sma Xunla görüşüblər. Merin müavini xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanda sabitlik hökm sürür, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdən biridir. Bu gün Azərbaycan və paytaxt Bakı şəhəri böyük inkişaf nümayiş etdirir, ona görə də çinli sahibkarların Azərbaycana böyük marağı var. Görüş zamanı paytaxt şəhərləri arasında əməkdaşlığa dair planlar müzakirə edilib. Səfərin nəticəsinə əsasən Pekin meriyasının nümayəndə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılaşma əldə edilib.