...

Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2025 09:57 (UTC +04:00)
Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda konfransı keçirilib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzulu beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olan ictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan Milli Məclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France" fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brün və başqaları iştirak edib.

Tədbirin açılışında çıxış edən Fərid Şəfiyev bildirib ki, Azərbaycanla münasibətlərdə problem yaradan tərəf həmişə Fransa olub.

Onun sözlərinə görə, Azərbaycan həmişə çalışıb ki, Fransa ilə konstruktiv əlaqələr qursun.

"Fransanın enerji və digər sahələrdə olan şirkətləriylə ölkəmiz əməkdaşlıq edib. Bu böhran Fransa tərəfindən yaradılıb. Burada müəyyən qədər Fransada olan erməni diasporasının fəaliyyəti də var. Amma bu tam belə deyil", - deyə o qeyd edib.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva qeyd edib ki, Erməni diasporu Fransanın Ermənistan-Azərbaycan münaqişəsində mövqeyinə təsir edən spesifik daxili amildir.

Onun sözlərinə görə, Fransa erməni diasporunun yaşadığı dünyanın ən böyük ölkələrindən biridir - burada erməni diasporunun sayı təxminən 600 min nəfərdir.

"Rusiya və ABŞ-dən sonra dünyada üçüncü, Avropa İttifaqında isə ən böyük erməni diasporu buradadır. Bundan əlavə, Fransa ənənəvi olaraq erməni maraqlarını fəal şəkildə dəstəkləyən güclü lobbi strukturları var", - o bildirib.

G.Paşayeva, Fransanın 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu xatırladıb. İkitərəfli əlaqələr rəsmi olaraq 1992-ci il fevralın 21-də qurulmuş, Azərbaycanın Fransadakı səfirliyi 1994-cü ilin oktyabrında açılmışdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Emmanuel Makron Fransada hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münaqişə siyasəti yürütməyə başladı.

O qeyd edib ki, Azərbaycan Fransa musiqisinə, ədəbiyyatına qarşı hörmətlə yanaşıb.

"Tarixə nəzər salsaq görərik ki, Cümhuriyyət dövründə kifayət qədər azərbaycanlı Fransada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Fransa Azərbaycan və Ermənistan arasında olan münaqişədə neytrallığını saxlamağa çalışırdı. Lakin 2003-cü ildən sonra Fransa ölkəmizə qarşı qərəzli siyasət yürtməyə başladı. Çünki Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı tam olaraq haqlarını tələb etməyə başladı", - o bildirib.

Deputat qeyd edib ki, erməni diasporu Fransada güclüdür.

"Erməni diasporu Fransa elitasına güclü təsir edir. Hazırda da onların təsirlərini görürük. İki ölkə arasında münasibətlərin bu həddə çatmasına əsas səbəb Makron hökuməti və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi oldu”, - deyə o qeyd edib.

Cote d'Azur Universitetinin ictimai hüquq professoru Kristian Vallar qeyd edib ki, Azərbaycanla Fransa arasında münasibətlər 2020-ci ildən dəyişib.

"Fransa Azərbaycanı müstəqillik əldə etdikdən dərhal sonra tanıyan azsaylı ölkələrdən biri idi ki, bu da tezliklə Azərbaycanda səfirliyin açılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə səbəb oldu. Təbii ki, Fransa münaqişənin həllində vasitəçi rolunu oynamağa və bitərəflik mövqeyini saxlamaqla iki ölkə arasında davamlı sülhə nail olmağa çalışırdı. Son illərdə baş verən hadisələrə baxmayaraq, Fransa keçmişdə bitərəf qalmağa, beynəlxalq hüquq normalarına riayət etməyə, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışıb", - o bildirib.

Professor qeyd edib ki, 2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra vəziyyət dəyişdi. Bu, Fransanın kəskin reaksiyasına səbəb oldu və bu, bir çox qərar və qətnamələrin qəbuluna səbəb oldu.

O, Fransadakı erməni icmasının çox böyük təsirə malik olduğunu vurğulayıb.

"Məsələn, mənim yaşadığım Marseldə erməni diasporunun sayı hətta yerli fransızların sayından da çoxdur", - K. Vallar qeyd edib.

Daha sonra çıxış edən “Conflicts” jurnalının direktoru Gil Mihaeli qeyd edib ki, erməni diasporunun güclənməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər korlanmağa başladı.

Mihaeli vurğulayıb ki, Azərbaycanın Qərblə əlaqələrinin möhkəmlənməsi üçün əsas vasitələrdən biri, əlbəttə ki, enerjidir.

"1990-cı ildə Azərbaycan və Fransa arasında münasibətlər müqavilənin təsisçilərindən birinə çevrilmiş Total şirkətinin iştirakı sayəsində mühüm irəliləyiş əldə etdi. TotalEnergies ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda Fransız Liseyi açılıb və Azərbaycan mədəniyyəti, xüsusən də opera sənəti xüsusilə son onilliklərdə geniş tanınıb", - o bildirib.

O qeyd edib ki, daha sonra erməni diasporu öz mövqelərini gücləndirib və bu, onlara öz gündəmlərini irəli aparmağa imkan verib.

"1990-cı illərdən sonra erməni diasporu Fransa siyasətçiləri ilə əlaqələri gücləndirərək siyasi və sosial sahədə öz gündəmini fəal şəkildə təbliğ etməyə başladı. Lobbi qrupları gücləndi, geosiyasi vəziyyət daha da pisləşdi", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti