Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında cəza çəkən bir qrup məhkum yenidən aclığa başlayıb. Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş Dəyanət Kərimovun bacısı Nübar Kərimova çərşənbə axşamı Trend ə bildirib ki, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 32 məhkum iyunun 18-dən müddətsiz aclığa başlayıblar. Onlar bu barədə həbsxana rəhbərliyinə və aidiyyatı qurumlara müraciət ediblər. Məhkumların tələbi barələrindəki cəzanın 15 illə əvəzlənməsidir.
Kərimova həmçinin qeyd edib ki, qardaşının işindən İnsan Haqları üzrə Avropa Məhkəməsinə də müraciət olunub.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi Rafiq Ramazanov bildirib ki, "ömürlüklər"in aclığa başlaması ilə bağlı onlarda məlumat yoxdur. Məhkumlar bu barədə həbsxana rəhbərliyinə ərizə ilə müraciət etməyiblər.
Eyni tələblə bu il bir qrup məhkum aprelin 16-dan 20-dək aclıq aksiyası keçirmişdi.