Bakı. Trend:
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Trend-in məlumatına görə, günün son oyununda "Araz-Naxçıvan" və "Neftçi" komandaları üz-üzə gəliblər. "Dalğa Arena"da keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 90+2-ci dəqiqədə penaltidən Orxan Əliyev vurub.
XXII turun açılış matçında “Qarabağ” “Sabah”la məhsuldar heç-heçə edib – 3:3. Digər görüşlərdə “Səbail” “Kəpəz”ə 4:1, “Turan Tovuz” “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. "Zirə" - "Sumqayıt" oyunu isə qolsuz bərabərliklə başa çatıb.
Bu nəticələrdən sonra turnir cədvəlinə 51 xalla "Qarabağ" komandası başçılıq edir. "Sumqayıt" 35 xalla 2-ci, 32 xalla "Neftçi" 3-cüdür. Eyni xala malik "Zirə" dördüncü pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə bu qələbə ilə xallarını 30-a çatdıraraq altıncı sıraya yüksəlib.