Bakı. Trend:
Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropaya birləşdirən Orta Dəhliz ticarət, investisiya imkanlarını artırmaq və regional sabitliyi gücləndirmək üçün yeni perspektivlər açır.
Trend xəbər verir ki, bunu bu gün ABŞ-nin Özbəkistan və Ukraynadakı keçmiş səfiri, “Atlantic Council” Avrasiya siyasi mərkəzinin direktoru Con Herbst Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Herbst qeyd edib ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı bu strateji nəqliyyat marşrutunun həyata keçirilməsini irəlilətməyə imkan verib.
“Orta Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və regional tərəfdaşlar üçün ticarət və investisiyanın hərəkətverici qüvvəsi ola bilər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin Dəhlizin həyata keçirilməsinə nəzarəti marşrutun təhlükəsiz və sabit fəaliyyət göstərməsi üçün şərait yaradır ki, bu da regionda iqtisadi və nəqliyyat əməkdaşlığı üçün uzunmüddətli perspektivlər açır.
