Azərbaycan, Bakı, 14 aprel /Trend/
Cümə axşamı Ankara şəhərinin "Sheraton Hotel" mehmanxanasında Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin təsis yığıncağı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının Ankaradakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak etmişlər. Bunu Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.
Toplantını giriş sözü ilə açan Səfir Faiq Bağırov, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi kimi mühüm bir təşkilatın yaradılmasının önəmindən, dövlətimizin iş adamlarının fəaliyyətlərinə olan dəstəyindən, Ümummilli Liderimiz Heydər Əliyevin Türkiyə və Azərbaycan əlaqələrinin inkişafında olan müstəsna rolundan, Türkiyənin Azərbaycan üçün sahib olduğu xüsusi mövqedən və bu kimi fəaliyyətlərin iki ölkə arasında olan əlaqələrin inkişafına verəcəyi mühüm töhfədən bəhs etmişdir.
Daha sonra Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin yaradılmasının məqsədləri, onun vəzifə və funksiyaları barədə tədbir iştirakçılarına təqdimat nümayiş etdirilmişdir. Qeyd edilmişdir ki, birliyin məqsədi Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını bir yerə toplayaraq onlarn fəaliyyətlərinin əlaqələndirilməsi, yeni investisiyaların təşviq edilməsi, üzvlərin üzləşdiyi çətinliklərin həll edilməsi, dövlət qurumları ilə münasibətlərdə azərbaycanlı sahibkarların vahid orqan olaraq təmsil edilməsidir.
Daha sonra Birliyin nizamnaməsi barədə ətraflı müzakirələr aparıldı və sözügedən sənəd yekdilliklə qəbul edildi. Bununla yanaşı, yığıncaqda Birliyin İdarə Heyəti və Təftiş Komissiyasının tərkibi təsdiq edildi. ARDNŞ-ın Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev İdarə heyətinin sədri seçildi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Şahin Mustafayev Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətt ilə inkişaf etdiyini və yaradılan Birliyin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirdi. İqtisadi İnkişaf Naziri əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın əldə etdiyi nəaliyyətlər barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti artmış və Azərbaycan regionda aparıcı qüvvələrdən birinə çevrilmişdir. Hazırda, ölkə rəhbərliyinin müəyyən etdiyi strategiyaya uyğun olaraq azərbaycanlı iş adamları xarici ölkələrə sərmayələr yatıraraq Azərbaycan biznesinin genişlənməsinə, ölkəmizin iqtisadi gücünün daha da artmasına xidmət edirlər. Bu baxımdan, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin yaradılmasının da indiki dövrdə baş verməsi təsadüfi deyil. Ş. Mustafayev bildirdi ki, hazırda Türkiyədə minlərlə azərbaycanlı sahibkarın fəaliyyət göstərməsi, burada xarici sərmayəli müəssisələrə yatırılmış investisiyalara görə Azərbaycanın aparıcı yer tutması məhz dövlətimizin artan iqtisadi qüdrətinin əyani nümunəsidir.
Ankarada Azərbaycanlı İş Adamları Birliyinin təsis yığıncağı keçirilib
Cümə axşamı Ankara şəhərinin "Sheraton Hotel" mehmanxanasında Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin təsis yığıncağı keçirilmişdir.
