...

Azeri Drilling Company BM ADRNŞ-ın yataqlarında qazma işlərinə hazırlaşır

Energetika Materials 31 İyul 2006 15:33 (UTC +04:00)

Britaniyanın Firstdrill Ltd şirkəti ilə Target Petroleum tərəfindən yaradılmış Azeri Drilling Company BM "8 mart" yatağında qazma işlərinə hazırlaşır. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) xəbər veriblər. Bunun üçün şirkət həmin yataqda bir neçə özülü bərpa edərək müasirləşdirəcək.

Bu il "Narimanovneft" NQÇİ-yə daxil olan "8 mart" yatağında 3 yeni quyu qazılacaq. Bu layihənin gerçəkləşdirilməsi üçün hazırda istismar edilməyən 3 özülün bərpası lazımdır.

Dalğıclar tərəfindən həyata keçirilən araşdırma hazırda başa çatıb və özüllərin istifadəsilə bağlı müsbət fikir bildirilib. Özüllərdə Azeri Drilling Company tərəfindən qazma avadanlığı quraşdırılacaq.

Azərbaycan Dəniz Neft Tikinti və Xəzər Dəniz Neft-Qaz Tikinti trestlərinin mütəxəssisləri özüllərin yuxarı hissələrinin bərpasına başlayıb. Avqustun 15-də 730 saylı özülün istismara verilməsi planlaşdırılır. Qalan 2 özül isə sentyabrda hazır olacaq.

"8 mart" yatağı 1988-ci ildən istifadə olunur və gündə 1 mln. kub metr qaz verir. Bu yatıq Abşeron yarım adasından cənubda, 25-50 metr dərinlikdə yerləşir. Hazırda yataqda bir neçə yüksək debitli quyu fəaliyyət göstərir. 1989-cu ildə qazılmış 589 saylı quyu 17 ildir ki təmirsiz işləyir. Bu quyu gündə 400 min kub metr qaz və 30 ton kondensat verir. Bu ilin iyununda bu yataqda yeni quyu işə salınıb ki, bu da gündə 100 ton neft və 40 kub metr qaz verir.

Geoloqların hesablamalarına görə, "8 mart" yatağında xeyli neft, qaz və kondensat ehtiyatı var. Yeni quyuların qazılması 3 qazma dəzgahdan 6 min metr dərinliyində həyata keçiriləcək. Bu quyular yarım il ərzində təhvil veriləcək. Həmin quyular hasilatın həcmini 2 dəfə artırmağa və 2,5 mln. kub metr qaz verməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti