Bakı. Trend:
“Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirilmişdir”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olarkən hərbçilərlə görüşündə deyib.
Dövlət başçısı vurğulayıb: “Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır.
Mən öz tərəfimdən qeyd etmək istəyirəm və hesab edirəm ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var. Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcəkdir. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır.
Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilmişdir. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir. Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilmişdir. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir.
Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam.
O ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur. Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaqdır. Belə olan halda, bu məsələyə bu gün baxmaq düzgün olmazdı.
İkincisi, bunun mənası nədən ibarətdir. Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər.
Mən Sankt-Peterburqda qəbul etdiyimiz bəyanatda bir mühüm məsələyə də toxunmaq istəyirəm. Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda, heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni, o şərt də qəbul edilmədi”.