Bakı. Trend:
Müasir dünyada geosiyasi gərginliklər və regional münaqişələr hava nəqliyyatı sahəsinə ciddi təsir göstərməkdədir. Xüsusilə Yaxın Şərqdə - İran, İraq və İsrail kimi ölkələrin hava məkanlarında tətbiq olunan məhdudiyyətlər nəticəsində bir çox beynəlxalq aviaşirkətlər məcburi şəkildə marşrutlarını dəyişməli olur. Bu cür hallarda etibarlı alternativ marşrutların və təhlükəsiz tranzit mərkəzlərinin mövcudluğu qlobal aviasiya sisteminin davamlılığı üçün həyati əhəmiyyət kəsb edir.
Məhz belə bir məqamda Azərbaycan, xüsusilə də Heydər Əliyev Beynəlxalq Aeroportu, öz strateji mövqeyi və yüksək səviyyəli operativ imkanları ilə diqqət mərkəzinə çevrilir.
Təkcə bu gün səhər saatlarında 10-dan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş məntəqəsi kimi operativ qərarlar və koordinasiya nəticəsində uğurla eniş edib: Bu reyslərin qəbulu Azərbaycanın aviasiya sistemindəki çevik koordinasiya və yüksək peşəkarlıq nümunəsi kimi qiymətləndirilməlidir. Həm Azərbaycan Hava Yolları (AZAL), həm də digər müvafiq aviasiya qurumları qısa zaman ərzində zəruri tədbirləri görərək fövqəladə situasiyada beynəlxalq aviasiya şirkətlərinə dəstək göstərmiş və onların fasiləsiz uçuş əməliyyatlarını təmin ediblər. Heydər Əliyev Beynəlxalq Aeroportunun yüksək texniki səviyyədə təchiz olunması və müasir infrastruktur imkanları istənilən tip hava gəmisini qəbul etmək bacarığını nümayiş etdirir. Heydər Əliyev Beynəlxalq Aeroportu yalnız regional deyil, həm də qlobal səviyyədə alternativ tranzit və təhlükəsiz liman kimi önə çıxarır.
“Flight Radar 24” saytındakı məlumatlardan bugünki vəziyyət tam açıq görsənir.
Son illərdə dünyada baş verən geosiyasi hadisələr - o cümlədən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə silahlı toqquşmalar və hava məkanlarının tez-tez bağlanması - alternativ və sabit hava nəqliyyatı marşrutlarına olan ehtiyacı artırıb. Belə şəraitdə Azərbaycanın hava məkanı, stabilliyi və neytrallığı ilə seçilərək beynəlxalq uçuşların daha təhlükəsiz və proqnozlaşdırıla bilən formada həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycanın bu hadisə ilə nümayiş etdirdiyi peşəkarlıq və operativ reaksiya onu təkcə regionda deyil, qlobal səviyyədə də etibarlı hava nəqliyyatı tərəfdaşı kimi tanıdır. Bu, eyni zamanda, ölkənin beynəlxalq aviasiya sisteminə verdiyi töhfənin artmaqda olduğunu göstərir.
Heydər Əliyev Beynəlxalq Aeroportu son illərdə genişləndirilmiş infrastrukturu, beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemləri, dayanıqlı uçuş idarəetməsi və sərnişin xidmətləri ilə artıq uzun müddətdir ki, regionun lider hava limanlarından biri hesab olunur. İndi isə o, fövqəladə hallarda da özünün çevik və etibarlı olduğunu sübut edir. Nəticədə bütün bu amillər Azərbaycanın aviasiya sahəsində təkcə tranzit ölkəsi kimi deyil, həm də regional sabitliyin və hava nəqliyyatı təhlükəsizliyinin təminatçısı kimi strateji rolunu daha da möhkəmləndirir. Azərbaycan təkcə marşrutlara xidmət göstərmir - o, beynəlxalq aviasiya ictimaiyyətində inamı və etibarı təmsil edir.
Regionda hava nəqliyyatının davamlılığı, proqnozlaşdırılması və təhlükəsizliyinin təmin olunmasında ölkənin rolu əvəzolunmazdır.