...

Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında birgə bəyannamə iki ölkə arasındaki əlaqələrin gələcək inkişafını təmin edəcək - İlham Əliyev

Siyasət Materials 16 Sentyabr 2010 05:52 (UTC +04:00)
Çərşənbə günü imzalanmış Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında birgə bəyannamə iki ölkə arasındaki əlaqələrin gələcək inkişafını təmin edəcək, Prezident İlham Əliyev imzalanma mərasimindən sonra deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında birgə bəyannamə iki ölkə arasındaki əlaqələrin gələcək inkişafını təmin edəcək - İlham Əliyev

Çərşənbə günü imzalanmış Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında birgə bəyannamə iki ölkə arasındaki əlaqələrin gələcək inkişafını təmin edəcək, Prezident İlham Əliyev imzalanma mərasimindən sonra deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün doğrudan da tarixi bir gündür və bu gün də bərabər olmağımızdan çox məmnunam. Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam və əminəm ki, bu gün imzalanmış tarixi sənəd Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafını təmin edəcəkdir.
Siz qeyd etdiyiniz kimi, xalqlarımız arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri yaşayır. Bu münasibətlər bu gün zənginləşir, bu münasibətlər bu gün yeni səviyyəyə qalxır. Bu münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Biz bu əlaqələri bu möhkəm təməl üzərində qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir, möhkəmlənir. Bu gün bu münasibətlər müttəfiqlik səviyyəsinə qalxmışdır. Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk günündən bu günə qədər Türkiyə daim bizim yanımızdadır. Bu gün biz müxtəlif sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq edirik. Bu əməkdaşlıq sürətlə inkişaf edir. Bu gün imzalanan sənədin bu əməkdaşlığın dərinləşməsi və genişlənməsi üçün çox böyük əhəmiyyəti vardır. Siz bu gün Azərbaycan xalqının böyük oğlu, mənim atam Heydər Əliyevin kəlamlarını xatırladınız. Bu, bizim üçün çox dəyərlidir, çox əzizdir. Mən çox şadam ki, onun ürəkdən sevdiyi Türkiyədə bu gün, bu tarixi gündə onun kəlamları, əməyi xatırlanır. Mən əminəm ki, onun ruhu bu gün bu salondadır. Eyni zamanda, bu gün biz türk dünyasının böyük öndəri, Azərbaycan xalqının qəlbində xatirəsi daim yaşayan ulu öndər Mustafa Kamal Atatürkün xatirəsini hörmətlə yad edirik. Onun kəlamları bizim münasibətlərimiz üçün işıqlı bir yoldur. Yəni, münasibətlərimiz bu möhkəm təməllər üzərində qurulur. Mən əminəm ki, indiki nəsil, gələcək nəsillər bu dostluğu, bu qardaşlığı daha da irəliyə aparacaqlar, möhkəmləndirəcəklər. Biz elə etməliyik ki, bundan sonrakı nəsillər də bu bayrağı daim uca tutsunlar. Dostluğumuz, qardaşlığımız hər şeydən üstündür, əbədidir və əbədi olacaqdır", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, imzalanmış sənəd bu günə qədər görülən işlərə bir növ yekun vurur, iki ölkə arasındaki strateji tərəfdaşlığın gələcək inkişafını müəyyən edir.

"Bugünkü mərasimin çox böyük əhəmiyyəti vardır. Bu gün imzalanmış sənəd əslində bu günə qədər görülən işlərə bir növ yekun vurur, strateji tərəfdaşlığımızın gələcək inkişafını müəyyən edir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə adi bir müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün sahələrdə daha da böyük nəticələrə çataq. Bu saziş bütün sahələri əhatə edir - siyasi əlaqələri, hansılar ki, bu gün ən yüksək zirvədədir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat, dəmir yolu layihələri, mədəniyyət, humanitar sahələr - yəni elə bir sahə yoxdur ki, bu sazişdən kənarda qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə Azərbaycanın əlaqələri bundan sonra da uğurla, sürətlə və daha da mütəşəkkil qaydada irəliyə getsin və xalqlarımız daha da birləşsin, daha da sıx əməkdaşlıq etsin. Bu tarixi gündə mən, ilk növbədə, qardaşım, hörmətli cənab Baş nazirə minnətdarlığımı bildirmək istəyirəm ki, onun səyləri və təşəbbüsü nəticəsində bu gün bu sənəd artıq imzalanmışdır. Eyni zamanda, hörmətli qardaşımın sözlərinə qatılıram. Bu sənədin üzərində çalışan bütün yoldaşlara, bütün dostlara öz minnətdarlığımı bildirirəm. Bu sənəd hüquqi sənəddir, amma, eyni zamanda, bu sənəd çox səmimi sənəddir. Bu, sadəcə iki ölkə arasında müqavilə deyildir. Bu, ürəkləri, xalqları birləşdirən, bizim xoş niyyətimizi ifadə edən bir əsərdir. Bu əsər yaşayacaq və bizi daha da zəngin və xoşbəxt edəcəkdir", - Azərbaycan Prezidenti deyib.

Onun sözlərinə görə, Türkiyənin güclənməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət amil kimi özünü göstərir.

"Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim Türkiyə ilə Azərbaycan arasındakı danışıqların mövzusudur. Bu gün də bu mövzu ilə bağlı hörmətli cənab Baş nazir ilə geniş fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Türkiyə bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləyir, bütün dövrlərdə, müxtəlif formalarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün böyük səylər göstərir. Bu gün bu məsələ ilə bağlı gedən danışıqlar nəticəyə gətirib çıxarmalıdır. Nəticə də ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Əsrlər boyu xalqımız o ərazidə yaşamışdır, yaratmışdır. Azərbaycanlılar o bölgədən qovuldular. Dağlıq Qarabağda və ətraf bölgələrdə bir nəfər də olsun azərbaycanlı qalmadı. Onların hamısı etnik təmizləmə siyasətinə məruz qaldılar. Bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlikdir. Bu, beynəlxalq hüquq normalarına zidd olan bir addımdır. Əlbəttə ki, bundan sonra da Türkiyə ilə Azərbaycan münasibətlərində bu mövzu daim gündəlikdə olacaqdır. Hörmətli dostum, qardaşım Baş nazirin sayəsində Türkiyənin güclənməsi, böyük dövlətə çevrilməsi bizi də gücləndirir. Bu gün Türkiyə on il əvvəlki Türkiyə deyildir. Türkiyə böyük, qüdrətli dövlətdir. Türkiyədə xalqla iqtidar arasında birlik vardır və bu amillər bölgəyə müsbət təsir göstərir. Türkiyə ilə hesablaşmamaq mümkün deyildir, nə bölgədə, nə də dünyada. Türkiyənin gücü bizim gücümüzdür. Çünki biz qardaşıq. Bu qardaşlıq bizim qanımızdadır. Bu qardaşlıq nəsildən-nəslə keçən qardaşlıqdır və əminəm ki, bu, əbədi olacaqdır. Ona görə Türkiyənin güclənməsi özlüyündə Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət amil kimi özünü göstərir. Nəzərə alsaq ki, Türkiyə hökuməti bu münaqişə ilə bağlı məsələdə çox fəal və çevik siyasət aparır, əminəm ki, bu siyasətin müsbət nəticələri olacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir", - İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Vizaların aradan götürülməsi məsələsi ilə bağlı daim məsləhətləşmələr aparılır

"Bu məsələ ilə bağlı daim məsləhətləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nəticə verəcəkdir. Keçən dəfə mən bu barədə fikirlərimi ifadə etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, dövlət strukturları öz aralarında bu məsələni həll etməlidirlər. Hazırlıq işləri başa çatandan sonra əlbəttə ki, bu məsələ ikitərəfli gündəliyə salınacaqdır və əminəm ki, müsbət həllini tapacaqdır", - İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti