...

ABŞ-da Azərbaycan Evinin açılışı olub

Siyasət Materials 17 Avqust 2024 22:59 (UTC +04:00)
ABŞ-da Azərbaycan Evinin açılışı olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Virciniya ştatında, Vaşinqtonun yaxınlığında yerləşən Aleksandriya şəhərində Azərbaycan Evinin açılışı keçirilib.

Trend xəbər verir ki, mərasimə ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları qatılıblar. Açılış mərasimində lent kəsilmə mərasimini Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov icra edib.

Daha sonra çıxış edən Azərbaycan Evinin həmtəsisçisi Ayan Əliyeva bildirib ki, Azərbaycan Evinin və Azərbaycan Assosiasiyasının əsas məqsədi, xüsusilə ABŞ-da doğulmuş uşaqlar üçün Azərbaycan dilinin tədrisini təmin etməkdir. O, bu mərkəzin Azərbaycan və Türk dünyası üçün mühüm bir məkan olacağını qeyd edib.

Azərbaycan Evinin digər həmtəsisçisi Sevda Tahirli isə, bu ideyanın həyata keçirilməsi üzərində beş ildir çalışdıqlarını vurğulayıb. O bildirib ki, uzun illər Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi və mətbəxinin təbliğatı istiqamətində görülən işləri artıq Azərbaycan Evi adı altında davam etdirəcəklər. Tahirli, bu mərkəzin hər kəsin bir araya gələcəyi, problemlərinin həllində güvənəcəyi bir məkan olmasının əsas missiyaları olduğunu diqqətə çatdırıb.

Fuad Muradov çıxışında Azərbaycanın dövlət olaraq bu cür fəaliyyətləri hər zaman dəstəkləməyə davam edəcəyini vurğulayıb. O, Azərbaycan evlərinin funksional şəkildə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib və bu fəaliyyətlərin əsasən icmanın istəklərinə uyğun həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Muradov, həmçinin avqustun əvvəllərində Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsini xatırladaraq, gənclərin də bu fəaliyyətlərə qoşulmasının önəmini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev də çıxış edərək, səfirliyin bu fəaliyyətlərə dəstəyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti