Bakı. Trend:
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Moldova arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.
Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni
məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki,
mövcud imkanlardan yararlanaraq
Azərbaycan-Moldova ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin
həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişafı və
genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla
davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıram".