...

Evianlılar Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgiyə və konsertə böyük maraq göstəriblər (FOTO)

Cəmiyyət Materials 7 May 2013 10:41 (UTC +04:00)
Fransanın cənubundakı Ron-Alp regionunun liman şəhəri olan Evian dünyada “Evian” mineral suyu kosmetikası ilə məşhurdur. Çox vaxt Cenevrə gölü kimi tanınan Leman gölü sahilində yerləşən Evian XI və XIV əsrlərdə sürətlə inkişaf etmişdir. AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verir ki, XlX əsrin 20-ci illərində Evianda müalicə əhəmiyyətli suların kəşf edilməsi böyrək xəstəliyindən əziyyət çəkən insanların və turistlərin axınına səbəb olmuşdur.
Evianlılar Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgiyə və konsertə böyük maraq göstəriblər (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Fransanın cənubundakı Ron-Alp regionunun liman şəhəri olan Evian dünyada "Evian" mineral suyu kosmetikası ilə məşhurdur. Çox vaxt Cenevrə gölü kimi tanınan Leman gölü sahilində yerləşən Evian XI və XIV əsrlərdə sürətlə inkişaf etmişdir. AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verir ki, XlX əsrin 20-ci illərində Evianda müalicə əhəmiyyətli suların kəşf edilməsi böyrək xəstəliyindən əziyyət çəkən insanların və turistlərin axınına səbəb olmuşdur.

Müalicə əhəmiyyətli bulaqlar sayəsində Evian XlX-XX əsrlərdə öz qızıl dövrünə qədəm qoymuş, sürətlə inkişaf etməyə başlamış, çoxlu sayda mehmanxanalar və istirahət guşələri tikilib istifadəyə verilmişdir. İkinci Dünya müharibəsindən sonra öz simasını tam dəyişən şəhər istirahət mərkəzinə çevrilmişdir. Dünyanın 8 aparıcı dövlətinin ilk zirvə toplantısı 2003-cü il iyunun 1-dən 3-dək Evianda keçirilmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizi fransızlara yaxından tanıtmaq istiqamətində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində keçirilən "Azərbaycan günləri" ilə bağlı tədbirin bu şəhərdə təşkil olunması heç də təsadüfü deyildir.

Səfirlik hər dəfə olduğu kimi Evianda keçiriləcək tədbirlə bağlı geniş reklam işi aparmışdır. Yerli " Dofin " qəzetində Heydər Əliyev Fondu tərəfindən Evianda təşkil olunan sərgi və konsertə dair reklam xarakterli yazı verilmişdir.
Məlumatda tədbirin Qafqazın inkişaf edən ölkəsini fransızlara tanıtmaq, Fransa-Azərbaycan əməkdaşlığını daha da inkişaf etdirmək məqsədi daşıdığı diqqətə çatdırılır.

Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrdən bəhs edən yazıda hər iki ölkənin mədəni əlaqələri ilə bağlı fransız ictimaiyyətinə az məlum olan maraqlı məqamlara toxunulur. Məşhur fransız yazıçısı Aleksandr Düma (Ata) XlX əsrdə Qafqaza səyahəti zamanı Azərbaycanda olarkən Qarabağ xanının qızı Xurşidbanu Natəvanla görüşü, yazıçı Jorj Sandın xalqımızın qəhrəmanlıq eposu "Koroğlu"nu tərcümə etməsi, XX əsrin əvvəllərində azərbaycanlı publisist Ceyhun Hacıbəyli tərəfindən Fransada "Qafqaz" adlı jurnalın nəşr olunduğu barədə məlumat verilir.

Fransada Banin təxəllüsü ilə tanınan və fransız dilində onlarla maraqlı əsərin müəllifi olan azərbaycanlı Ümbülbanu Əsədullayeva, prezident Şarl de Qolla İkinci Dünya Müharibəsi zamanı Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı olmuş azərbaycanlı Əhmədiyyə Cəbrayılovun görüşünə dair maraqlı faktlar da reklam məlumatında yer almışdır.
Evianın Festivallar sarayının Sütunlar zalında nümayiş etdirilən sərginin açılışında çıxış edən şəhər meri və eyni zamanda, Milli Assambleyanın deputatı Mark Francina və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xalqlarımızın biri-birini yaxından tanımasında, ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində mədəni tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışlar.

Hər bir ölkənin tarixinin, mədəni dəyərlərinin xalq tərəfindən qorunub saxlandığını diqqətə çəkən Elçin Əmirbəyov Azərbaycanın neft və qazı kimi tarixinin və mədəni dəyərlərinin də zəngin olduğunu, xalqımıza məxsus bəzi tarixi abidələrin, eləcə də əsrlər boyu qorunub saxlanılan muğam musiqisinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən Ümumdünya İrs siyahısına daxil edildiyini bildirmişdir.

Səfir bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da caz musiqisinin geniş yayıldığını, istedadlı gənclərin beynəlxalq caz festivallarına ölkəmizi layiqincə təmsil etdiklərini və laureat adını qazandıqların qeyd etmişdir.

E. Əmirbəyov Evianın Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri"nin Fransada keçirildiyi 13-cü şəhər olduğunu xatırlatmışdır. Sonda "Bakustik jazz" qrupunun konserti olmuşdur.

Konsertdə T.Hacıyevin, R.Hacıyevin, S.Rüstəmovun, V. Mustafayevin və S.Qəmbərovun əsərləri səslənmişdir.

Evian sakini Pyer Jerar sərgidən aldığı təəssüratlar barədə danışmışdır: "Azərbaycanda olmasam da, ölkəniz haqda müəyyən məlumatım var idi. Bildiyimə görə Azərbaycan Qafqazda yerləşən varlı bir diyardır. Paytaxtı Xəzər dənizi sahilində yerləşən Bakı şəhəridir. Ötən ilin may ayında keçirilən "Eurovizion-2012" beynəlxalq müsabiqəsi zamanı televiziya vasitəsilə göstərilən Bakının və digər regionların görməli yerləri, tarixi abidələri və mənzərəli məni valeh etmişdi. Bu verilişdən sonra əldə etdiyim məlumatlarda Azərbaycanın qısa müddətdə müstəqillik əldə etməsinə baxmayaraq necə sürətlə inkişaf etdiyini, iqtisadi cəhətdən qüdrətli bir ölkə olduğunu qət etdim.
Sərgidəki eksponatlar Azərbaycanın tarixi bir ölkə olmasından xəbər verir. Diqqətimi nəfis şəkildə toxunmuş xalçalar daha çox cəlb etdi. Onlara vurulan ilmələrin müxtəlifliyinə və rənglərinə söz ola bilməz. Bu cür tanışlıqdan sonra mütləq ölkənizə səyahət edəcəyəm".

Evianlılar "Azərbaycan günləri" ilə bağlı təşkil olunan sərgidə nümayiş etdirilən xalqımızın zəngin mədəni dəyərlərinə və caz musiqisinə böyük maraq göstərmişlər. Sərgi may ayının 10-dək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti