Bakı. İlhamə İsabalayeva - Trend:
Elektron elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının hazırlanması zərurəti qarşıda duran vacib məsələlərdəndir.
Trend-in məlumatına görə, bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.
Akademikin sözlərinə görə, elektron elmin formalaşdırılması üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalıdır.
Bununla yanaşı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır.
R.Əliquliyev qeyd edib ki, virtual elmi cəmiyyətlərin yaradılması, İKT-nin müxtəlif elm sahələrində tətbiqi üçün multidissiplinar ixtisaslar üzrə kadr hazırlığı, elmmetrik qiymətləndirmələr üçün intellektual-analitik sistemin yaradılması, dissertasiya şuralarının iclaslarının onlayn yayımı və elektron arxivləşdirilməsi, bu sahədə normativ-hüquqi bazanın yaradılması lazımdır.