Bakı. Trend:
Azərbaycan komandası Sofiyada (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə 39-cu dünya çempionatında üç lent və iki topla qrup hərəkətlərində finala yüksəlib.
Trend xəbər verir ki, komanda Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan və Zeynəb Qummətovadan ibarətdir.
Çempionatın üçüncü günündə qrup komandaları arasında təsnifat yarışları keçirilib. Üç lent və iki topla hərəkətlərə görə Azərbaycan komandası təsnifat mərhələsində 4-cü yeri tutaraq 29,250 xal toplayıb və bununla da finala yüksəlib.
Qeyd edək ki, beş halqa ilə kompozisiyaya görə komanda hakimlər tərəfindən 30.000 xal alıb. Çoxnövçülük üzrə nəticə: (iki məşqin cəmi) 59,250 xal (9-cu yer).
Xatırladaq ki, sentyabrın 14-18-də Sofiyada bədii gimnastika üzrə dünya çempionatı keçirilir. Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətlərində Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan, Zeynəb Qummətovanın daxil olduğu komanda təmsil edir.
Çempionatın ilk iki günündə keçirilən yarışın nəticələrinə görə, Zöhrə Ağamirova halqa ilə hərəkətin finalında altıncı, proqramın finalında isə lentlə beşinci yeri tutmuşdur. O, həmçinin çoxnövçülükdə finalda mübarizə aparacaq.