...

COP29-da “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda yan tədbir keçirilib

Cəmiyyət Materials 18 Noyabr 2024 19:38 (UTC +04:00)
COP29-da “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda yan tədbir keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı COP29 çərçivəsində Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzi tərəfindən “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda təşkil edilmiş yan tədbirdə iştirak edib.

Trend xəbər verir ki, Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin direktorunun müavini Mirzatillo Tillabayev, Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru Murodjon Turqunov, Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinin nümayəndəsi Sayyora Abdullayeva və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxışı zamanı Aparat rəhbəri uşaq hüquqlarının etibarlı müdafiəsinin və təmininin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdən biri olduğunu qeyd edib, uşaq hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırıldığını və onların həlli üçün qanunamüvafiq tədbirlərin həyata keçirildiyini söyləyib.

Aparat rəhbəri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərə müvafiq olaraq Müvəkkilin təşəbbüsü əsasında təsisatda monitorinq qruplarının yaradıldığını diqqətə çatdırıb. Aydın Səfixanlı hər il olduğu kimi, bu il də Ombudsman tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini, işğaldan azad edilmiş ərazilərdəki təhsil müəssisələrində bu il Aylıq çərçivəsində ilk dəfə olaraq uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edildiyini bildirib.

Ətraf mühitin qəsdən çirkləndirilməsinin və ekoloji cinayətlərin törədilməsinin uşaqların da sağlamlığına mənfi təsir göstərdiyini deyən A.Səfixanlı Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlərdən də danışıb. O, Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların bu gün də mülki əhalinin, o cümlədən həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını, Birinci Qarabağ müharibəsindən indiyədək 358-i uşaq olmaqla 3400-dən çox şəxsin mina qurbanına çevrildiyini qeyd edib.

Aparat rəhbəri, həmçinin işğal olunmuş ərazilərimizdə otuz ilə yaxın müddət ərzində ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan vurulduğunu, ekosid cinayətinin törədildiyini diqqətə çatdırıb, həmin ərazilərdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su mənbələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib.

A.Səfixanlı istismara yararsız olmasına baxmayaraq fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də vurğulayıb, Azərbaycan Ombudsmanının dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək növbəti nüvə fəlakətinin qarşısını almaq üçün həmin AES-in fəaliyyətinin təhlükəsiz şəkildə dayandırılmasını və təcili bağlanmasını tələb etdiyini diqqətə çatdırıb.

Aparat rəhbəri beynəlxalq ictimaiyyəti bəşəriyyətin ekoloji təhlükəsizliyinə təhlükə yaradan, habelə sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti