Bakı. Trend:
Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Polşadakı Səfirliyinin dəstəyi, “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Zəfər Günü münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə başlayıb.
Azərbaycanın Polşadakı Səfirliyin nümayəndəsi Orxan Əliyev və "Xarı Bülbül" Assosiasiyasının sədri Sedat Şamilli Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib.
Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Biz" filmi göstərilib.
Tədbir xalqımıza Zəfəri yaşadan vətən oğullarının qəhrəmanlıqlarının xatırlanması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması barədə fikir mübadiləsinin aparılması ilə sona çatıb.
Qeyd edək ki, Polşanın Krakov şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Polşada yaşayan soydaşlarımız üçün mütəmadi olaraq tədbirlər, kurslar və layihələr təşkil olunur.