Bakı. Trend:
Sıfır emissiyalara keçid zamanı risklərin azaldılması üçün 4 əsas istiqamət üzrə işləmək lazımdır.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının (DB) infrastruktur üzrə vitse-prezidenti Quançe Çen "Sənaye və energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi – iqtisadiyyatın modernləşdirilməsi və inkişaf proqramı" mövzusunda panel müzakirə zamanı deyib.
"DB hesab edir ki, inkişaf etməkdə olan bazarları və iqtisadiyyatı olan ölkələrdə bu mürəkkəb sahələrin 2050-ci ilə qədər sıfır emissiyalara keçidi üçün çoxsaylı çağırışların öhdəsindən gəlmək lazımdır. Əsas çağırışlardan biri belə investisiyaların risklərinin azaldılmasıdır. Dekarbonizasiya investisiyaları yüksək riskli kimi qəbul edildiyindən, riskləri azaltmağa kömək edəcək 4 əsas istiqaməti müəyyən etdik.
Birinci – karbon emissiyalarına qiymət qoyulmasıdır. İkinci – hədəfli dövlət subsidiyaları və dəstəkdir. Üçüncü istiqamət innovasiya və texnologiyaların dəstəklənməsi ilə bağlıdır. Dördüncü – beynəlxalq əməkdaşlıqdır", – deyə o bildirib.
Onun sözlərinə görə, karbonun qiymətləndirilməsi, yaşıl texnologiyalarla qalıq yanacaqlar arasında dəyər fərqini aradan qaldıran, emissiyaların azaldılması üçün güclü bir vasitədir.
"Lakin onun tətbiqi bir sıra çətinliklərlə üzləşir, məsələn, ixrac yönümlü sahələrə təsiri. Avropa İttifaqı karbon sızmasının qarşısını almaq üçün karbon sərhəd mexanizmi vasitəsilə həll təklif edir. Dövlət dəstəyi – qiymət fərqinin aradan qaldırılmasının açarıdır. İnkişaf etmiş ölkələr genişmiqyaslı proqramlar həyata keçirir, lakin inkişaf etməkdə olan dövlətlərə karbon investisiya fondları və yaşıl satınalmalar kimi beynəlxalq təşəbbüslər kömək edir. Məsələn, Braziliya yaşıl satınalmaları yeni sənaye siyasətinə daxil edəcək", – deyə o əlavə edib.
O qeyd edib ki, innovasiyalar – 2050-ci ilə qədər emissiyaların azaldılmasının təxminən 50 faizi hələ kommersiya olmayan texnologiyalardan asılıdır.
"ESMAP (Enerji Sistemlərinin İdarə Edilməsi Proqramı) kimi Dünya Bankının proqramları, məsələn, Türkiyə və Qanadakı zavodlarda innovativ həllərin tətbiqini dəstəkləyərək, əhəmiyyətli investisiyaları cəlb edir.
Beynəlxalq əməkdaşlıq – "Dekarbonizasiya üçün Google Maps" platforması kimi qlobal layihələr, inkişaf etməkdə olan ölkələri texniki yardım və aşağı karbonlu texnologiyaların maliyyələşdirilməsi üçün tərəfdaşlarla əlaqələndirir. Bu addımlar qlobal səviyyədə dayanıqlı sənayenin yaradılmasına kömək edəcək", – deyə o vurğulayıb.