Bakı. Trend:
Türkiyə COP29 prezidentliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınması təşəbbüsünü dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
"Bu platforma inkişaf etməkdə olan ölkələrə və tərəflərə Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsində zəruri dəstəyi təmin etməyə yönəlib. Bakı Qlobal İqlim Şəffaflığı Platforması çərçivəsində hesabatlılıq prosesində qazandığımız dərsləri və təcrübələri paylaşmaq bizim üçün məmnuniyyət doğuracaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.