Bakı. Trend:
Biz iqlim təhsilini milli kurrikuluma daxil etməklə, hər bir şagirdin planetimizin qorunmasında öz rolunu başa düşməsini təmin etmək üçün addımlar atırıq.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində keçirilən “İqlimə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş”də çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi sahəsində müəllimlərin inkişafı istiqamətində hələ çox işlər görülməlidir.
“Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasında dayanıqlı və aşağı karbonlu təhsil sistemlərinin qurulmasına böyük diqqət yetirilir.
Bu gün COP29-un Prezidentliyi, UNESCO və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, iqlim ölçülərinin PISA kimi beynəlxalq qiymətləndirmələrə inteqrasiyasına və təhsil sistemlərinin daha yaşıl olması üçün transformasiyasına diqqət yetiririk. Bura kurikulumların uyğunlaşdırılması, müəllim hazırlığının təkmilləşdirilməsi, davamlılıq və dayanıqlılığı müdafiə edən məktəblərin yaradılması daxildir.
Ali təhsili də nümunə göstərə bilərik. Universitetlərimizi qlobal davamlılıq standartlarına uyğunlaşdırmaqla biz tələbələri iqlimə dayanıqlılıq və davamlılıq sahəsində lider olmağa hazırlayırıq.
Biz gənclərimizi aşağı karbonlu iqtisadiyyat üçün lazım olan yaşıl bacarıqlarla təmin edirik. Bu vizyonu dəstəkləyən təşəbbüslərdən biri SABAH - Şəhər Qovşağı (City Hub) layihəsidir. Bu layihə təhsil, tədqiqat və sənayenin innovasiyaya təkan vermək və davamlı həllər hazırlamaq üçün birləşdiyi mərkəzdir.
Birlikdə təhsil, elm və tərəfdaşlıq vasitəsilə biz davamlı, əhatəli və dayanıqlı gələcək yarada bilərik”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.