Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsi Azərbaycanın enerji siyasətində strateji əhəmiyyət daşıyan əsas istiqamətlərdən biridir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu təşəbbüs həm bərpaolunan enerji potensialının reallaşdırılmasına, həm də regionun dayanıqlı inkişafına xidmət edir.
"Azərbaycan hökuməti 2030-cu ilə qədər “yaşıl enerji zonası”
konsepsiyasını Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
həyata keçirməyi qarşısına məqsəd qoyub. Bu konsepsiyanın əsas
məqsədləri işğaldan azad edilmiş ərazilərin ekoloji cəhətdən təmiz
və enerji baxımdan səmərəli şəkildə yenidən qurulması, bərpaolunan
enerji mənbələrinin – günəş, külək, hidro və bioenerjinin geniş
istifadəsi, regionun yaşıl texnologiyalar və innovasiyalar üzrə
nümunəvi enerji mərkəzinə çevrilməsidir."
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin də dünən Cəbrayıl
rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms”
və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyması ölkəmizin
yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl
rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını
qoyur.
"Layihə birbaşa olaraq Azərbaycanın bərpaolunan enerji üzrə
strategiyasına xidmət edir. “Şəms” və “Üfüq” stansiyaları günəş
enerjisi sahəsində konkret sərmayədir və fosil yanacaqlardan
asılılığı azaltmağa yönəlib. Bu isə enerjidə daha davamlı, ekoloji
təmiz yanaşmanın təzahürüdür. Cəbrayıl rayonu işğaldan azad edilmiş
zonadır və bu kimi layihələr həmin ərazilərin yalnız yenidən
qurulması üçün deyil, eyni zamanda yeni “yaşıl enerji zonası”na
çevrilməsi üçün imkan yaradır. Layihə regionun enerji xəritəsində
“oyun dəyişdirən” hadisədir. Belə layihələrin iqtisadi və sosial
təsirləri də var. Yeni stansiyalar investisiya tələb edən layihədir
və tikinti mərhələsində iş yerlərinin açılmasına, yerli logistika
və infrastrukturun aktivləşməsinə səbəb olacaq. Enerji istehsalının
artması regiona əlavə gəlir gətirə, elektrik enerjisinin
mərkəzləşdirilmiş qidalanmasını gücləndirə bilər. Eyni zamanda,
azaldılan qaz istehlakı və emissiyalar ekoloji sağlamlıq üçün
müsbət təsirlərə malikdir. Regionun günəş enerjisi potensialı
yüksəkdir və bu tip layihələr bu potensialdan istifadəni
artırır."
Elə həmin gün Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı
kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında
iştirak edib.
A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin sakinlərlə görüşü, mənzil açarlarının təqdim edilməsi bu layihələrin yalnız infrastruktur deyil, insan amilinə əsaslanan sosial siyasətin tərkib hissəsi olduğunu göstərir.
"Zəngilan rayonu və bütövlükdə azad edilmiş ərazilərdə quruculuq işləri planlı, müasir və kompleks şəkildə aparılır.
"Bu açılışlar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda
dayanıqlı, ağıllı və ekoloji təmiz yaşayış məkanları yaratmaq
istiqamətində irəlilədiyini təsdiqləyir. Ümumiyətlə Prezident İlham
Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə quruculuq və köç
prosesi müasir Azərbaycanın ən mühüm tarixi mərhələlərindən
biridir. 2020-ci ildə torpaqların azad edilməsindən sonra dövlətin
qarşısında duran əsas vəzifə bu ərazilərin bərpası,
infrastrukturların yenidən qurulması və əhalinin təhlükəsiz şəkildə
geri qayıdışının təmin olunması idi. Son beş ildə həyata keçirilən
genişmiqyaslı işlər bu məqsədlərin mərhələli və planlı şəkildə
reallaşdırıldığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən quruculuq və köç prosesi Azərbaycanın
postmüharibə dövründəki yenidənqurma modelini
formalaşdırır."
