Bakı. Trend:
Ötən illər ərzində Azərbaycan rəqəmsal transformasiya və elektron idarəetmə sahəsində də müəyyən nailiyyətlər əldə edib.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) üzrə keçirilən media nümayəndələri üçün informasiya sessiyasında deyib.
Onun sözlərinə görə, startap ekosisteminin böyüməsi, texnoparkların fəaliyyətində gözəçarpan fərqlər, rəqəmsal hökumətə keçid, infrastrukturun gücləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallşadırlması olan irəliləyişlər Azərbaycanın müvafiq reytinqlərdə irəliləməsinə səbəb olub:
"Məsələn, Azərbaycan ilk dəfə olaraq BMT-nin Elektron Hökumətin İnkişafı indeksində yüksək nəticələrə nail olub. Ölkənin onlayn dövlət xidmətləri və Telekommunikasiya infrastrukturu göstəricilərində isə 21% artım müşahidə olunub. Bundan əlavə, Azərbaycanın Elektron İştirakçılıq İndeksində yeri 10 pillə irəli gedərək il ərzində 28% irəliləyiş əldə edib".
"Azərbaycan üçün bu gün qeyri-neft sektorunun inkişafı strateji əhəmiyyət kəsb edir. Bu sektorun inkişafında İKT-nin rolu günü-gündən artır. 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 2,7 milyard manat təşkil edib", - deyə nazir müşaviri əlavə edib.
