Bakı. Trend:
Beynəlxalq əməkdaşlıq və təhsil təşəbbüsləri çərçivəsində
Şimali Kipr sığorta sektoru Türkiyə, Türk Dövlətləri Təşkilatı və
Avropa ölkələri ilə beynəlxalq əməkdaşlığa açıqdır.
Trend xəbər verir ki, bunu bu gün Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin sədri Börte Barlasoğlu Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də çıxışı zamanı deyib.
O bildirib ki, Şimali Kipr Türk Respublikası sığorta sektorunun gələcəyi üçün bir sıra addımların atılmasını zəruri hesab edir: "Məsələn, rəqəmsallaşma və mərkəzləşdirilmiş məlumat bazasının genişləndirilməsi, telematik və davranış əsaslı məhsulların tətbiqi, süni intellektlə zərərin avtomatik qiymətləndirilməsi, yeni texnologiyaların sağlamlıq sığortasına inteqrasiyası, mobil sığorta tətbiqlərinin genişləndirilməsi kimi yeniliklər nəzərdə tutulur".
O qeyd edib ki, beynəlxalq əməkdaşlıq və təhsil təşəbbüsləri çərçivəsində Şimali Kipr sığorta sektoru Türkiyə, Türk Dövlətləri Təşkilatı və Avropa ölkələri ilə beynəlxalq əməkdaşlığa açıqdır: "Məqsəd həm qanunvericilik, həm texnoloji infrastruktur baxımından ortaq platformalar qurmaq və Şimali Kipr Türk Respublikasını regional rəqəmsal sığortacılıq mərkəzinə çevirməkdir.
Bundan əlavə, sığorta işçiləri üçün rəqəmsal transformasiya, aktual elmi, məlumat analitikası və müştəri təcrübəsi sahələrində təlim proqramları hazırlanır. Universitetlərlə əməkdaşlıq çərçivəsində InsurTech startap proqramlarının təşkili də planlaşdırılır".
"Nəticə etibarilə, Şimali Kipr Türk Respublikasında sığorta sektoru ənənəvi modellərdən rəqəmsal və analitik əsaslı müasir sistemə keçərək regionun ən şəffaf və innovativ sığorta bazalarından birinə çevrilməkdədir", - o vurğulayıb.
