Bakı. Trend:
Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 7% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.
2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,808 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,086 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.8%, POS-terminalların sayı 56.5% artıb.
