Bakı.Trend:
3-5 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində reallaşacaq.
Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun hədəfləri sırasındadır.
Forum çərçivəsində "Mədəniyyət elçiləri" rəqəmsal portalı və
"Milli dilli" layihəsinin təqdimatı keçiriləcək.
Tədbir gedişində üç panel müzakirənin təşkili, eləcə də xaricdəki
Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin hesabat
iclaslarının təşkili nəzərdə tutulur.
Həmin ərəfədə Antalyada keçirilən “Mədəniyyət Yolu” Festivalında Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı da planlaşdırılır.
