Bakı.Trend:
Bakı Metropoliteninin “Ulduz” və "Nərimanov" stansiyaları arasında 1995-ci il 28 oktyabr tarixində baş vermiş yanğın hadisəsinin 30-cu ildönümü anım tədbiri ilə qeyd edilib.
Trend xəbər verir ki, “Ulduz” stansiyasında təşkil olunan tədbirdə metropoliten rəhbərliyi və kollektivin nümayəndələri, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi və kursantları, hadisə zamanı həyatını itirənlərin valideynləri və yaxınları iştirak ediblər.
Mərasimdə hadisə qurbanlarının, eləcə də neçə-neçə insanın həyatının xilas edilməsində böyük fədakarlıq göstərən qəhrəmanlar - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev, liseyin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədovun xatirəsini əbədiləşdirən, hadisənin təfərrüatlarını özündə əks etdirən yeni memorial kompleks təqdim olunub.
Kompleksin önünə gül dəstələri qoyulub, faciədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, igid Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb.
Mərasimdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, hadisə zamanı qəhrəmancasına həlak olanların ailə üzvləri və hadisənin şahidi olmuş metropolitençilər çıxış edib, Hərbi Liseyin kursantları xüsusi hazırladıqları şeir-kompozisiyanı təqdim ediblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 3 noyabr, 1995-ci il tarixli Fərmanı ilə ölümlərindən sonra Çingiz Adil oğlu Babayev Azərbaycanın Milli Qəhrəmanı adı, kursantlar “İgidliyə görə” medalı ilə təltif olunublar.
Hadisə qurbanlarını və həyatlarını başqalarının xilası yolunda fəda edən qəhrəmanlar Bakı Metropolitenində daim dərin minnətdarlıqla yad edilir.
