Bakı. Trend:
2025-ci ilin ilk 9 ayı ərzində Yeni Klinikanın Daban testi otağında 847 644 topuq testi müayinəsi aparılıb.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müayinələrdən keçən yeni doğulanların sayı 169 529 olub və onlardan 114-nün cavabı pozitiv çıxıb.
Nəticələrlə bağlı yeni doğulanların valideynləri aidiyyəti üzrə tibb müəssisəsilərinə dəvət olunub. Aşkar edilən xəstəliklərə uyğun olaraq onlara hansı ixtisaslı həkimə müraciət edilməsi barədə məlumatlar verilib, maarifləndirmə işi həyata keçirilib.
Məlumat üçün bildirək ki, TƏBİB tabeli tibb müəssisələrində olan doğum şöbələrində topuq testi üçün götürülən nümunələr laborator müayinə üçün Yeni Klinikaya göndərilir. Burada olan xüsusi laboratoriyada “Guthrie kartları” adlandırılan xüsusi filtr kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində fenilketonuriya (amin turşularının metabolizminin pozulması), qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu (böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izləri axtarılır. Bu prosesdə iştirak edən mütəxəsislər xüsusi təlimlərdən keçən və ixtisaslaşmış peşəkarlardır.
Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.
Qeyd edək ki, topuq testi nümunələrinin götürülməsi, eləcə də sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrində həyata keçirilir.