Bakı.Trend:
Binaların giriş-çıxış yolları üzərində şlaqbaumların quraşdırılması yanğın təhlükəsizlik qaydalarının pozuntusu ilə nəticələnir.
Bu fikirləri Trend-ə müsahibəsində Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev bildirib.
O, qeyd edib ki, şlaqbaumun açılması, idarə edilməsi bir insanın iradəsinə həvalə edilibdirsə, əraziyə yanğın avtomobili gələrkən həmin maneə yanğın obyektinə FHN maşınlarının yaxınlaşmasında ciddi vaxt itkisinə səbəb olur.
"Bu növ məhdudiyyətlər yanğınların inkişafı üçün tələb olunan münbit şəraitin formalaşmasına xidmət edir. Yanğında hər dəqiqənin hökmü var. Nazirlər kabinetinin 143 nömrəli qərarına əsasən, xüsusi və mühüm əhəmiyyətli obyektlərin ərazisinin fiziki mühafizəsi məqsədilə mühəndis kommunikasiya qurğularının tətbiqi ilə bağlı normativlər mövcuddur. Bu normaya əsasən qeyd edilən ərazilərdə fiziki sahənin mühafizəsi üçün avtomatik çəpərləmə mexanizmi olan şlaqbaunun quraşdırılmasına yol verilir. Onun idarəetmə pultu isə nəzarət buraxılış məntəqəsində olmalıdır".
FHN rəsmisi əlavə edib ki, övladlarımızı maşınvurma təhlükəsindən qoruduğunu düşündüyümüz şlaqbaumlar və digər avadanlıqlar baş verən yanğında bir sıra fəsadlara səbəb ola bilər.
