...

Tarixi Zəfərimiz Azərbaycanın uğur səhifələrini daha da zənginləşdirdi - Vüqar Rəhimzadə

Siyasət Materials 28 Oktyabr 2025 11:39 (UTC +04:00)
Tarixi Zəfərimiz Azərbaycanın uğur səhifələrini daha da zənginləşdirdi - Vüqar Rəhimzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Artıq 5 ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın artan beynəlxalq nüfuzu, qlobal geosiyasi gücü, beynəlxalq proseslərə təsir imkanları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyev istər 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, istərsə də yeddinci çağırış Milli Məclisin ilk iclasında etdiyi çıxışında qarşıya qoyulan yeni hədəfləri açıqlayan zaman xarici siyasətin uğurlarından geniş bəhs edərək bildirdi ki, yeni dövrdə bu istiqamətdə yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas söz sahibi kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər qurması bu siyasətin mühüm nəticələrindən biridir. Bu gün ölkəmizin möhkəmlənən mövqeyi göz qabağındadır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası, tam Qələbəmiz Azərbaycanın bütün sahələrdə davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycanın qlobal problemlərin həllində söz sahibliyi, mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Buna bariz nümunə kimi təkcə ötən il ölkəmizin ev sahibliyi etdiyi, dünyanı Azərbaycana toplayan COP29 iqlim konfransını qeyd etmək kifayətdir. Bu mühüm qərar Azərbaycanın beynəlxalq nüfuzunun, hər bir sahədə zəngin təcrübəyə malik olmasının, sözünün imzası qədər əhəmiyyətinin təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev bu konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirdi. Bir daha qeyd olundu ki, bu, çoxtərəfliliyin təntənəsidir. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi.

Təbii ki, Azərbaycan bu istəyinə nail oldu. Sözügedən çağırışı əsl həqiqətdə böyük uğura çevirdi. Yeni körpülər quruldu. Bakı nailiyyəti kimi tarixə yazılan COP29 növbəti COP-lar üçün böyük stimul olacaq. Bu tədbir, eyni zamanda, Azərbaycan üçün böyük bir təqdimat idi. Çünki regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Qürurvericidir ki, Azərbaycan müxtəlif hədəflərə nail olub, dünyaya təqdim etdiyi inkişaf modelini dövrün cağırışlarına uyğun olaraq daha da təkmilləşdirir, yeniləşdirir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın iqtisadi gücünün artması, ordu quruculuğunun daim prioritetdə saxlanılması və dövlət idarəçiliyində şəffaflıq prinsiplərinin tətbiqi Prezident İlham Əliyevin siyasi kursunun əsas dayaqlarıdır. Hazırda ölkəmizin reallaşdırdığı enerji layihələri və regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin və qarşılıqlı etimadın təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan beynəlxalq miqyasda da sülhyaratma proseslərinin fəal iştirakçısı kimi çıxış edir, səmərəli təşəbbüsləri və real fəaliyyətləri ilə qlobal sülhün, təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstəyin əsas göstəricisi bu ilin avqust ayında əldə olunan Vaşinqton razılaşmaları oldu. Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün birgə müraciət ünvanladılar. Sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Vaşinqton razılaşmaları sırasında Zəngəzur dəhlizinin açılması məsələsini xüsusi qeyd etməliyik. Prezident İlham Əliyev bu günlərdə Qazaxıstana dövlət səfəri çərçivəsində Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açılacağını bildirdi. Vaşinqton razılaşmaları sırasında ədalətsiz 907-ci düzəlişin ləğvi də mühüm hadisə oldu. Bütün bunlar ümumilkdə Azərbaycanın beynəlxalq nüfuzunun, ən əsası sülh, təhlükəsizlik çağırışlarını real addımları ilə təsdiqləməsinin, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə böyük önəm verməsinin nümayişidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindən biri təbii ki, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 minə yaxın insan yaşayır.

Son beş ildə işğaldan azad edilmiş ərazilərdə 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Son beş ildə üç Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi də mühüm məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir Forum görülən işlərin təqdimatıdır. Oktyabrın 15-də Xankəndi şəhəri Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev Forum iştirakçılarına müraciətində bu rəqəmləri də açıqladı ki, regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Millət vəkili bildirib ki, tarixi Zəfərimizin Azərbaycanın qarşısında açdığı imkanları, qazandırdığı uğurları bir yazı çərçivəsində əhatə etmək çətindir. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycana hansı sahədən baxsaq böyük uğurların şahidi olarıq. Dayanıqlı iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, ordu quruculuğu sahəsində mühüm addımların atılması, iqtisadi müstəqilliyin möhkəmlənməsi fonunda Azərbaycanın beynəlxalq rolunun artması diqqətdən kənarda qala bilməz. Ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunmasını da qeyd etməliyik. Bu, Azərbaycanın növbəti uğuru kimi tarixə yazıldı. Bu gün Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründən də daha güclü, qüdrətlidir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bunun bariz nümunəsidir.

Bir sözlə, uğurlarımızı sadalamaqla bitməz. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın 5 illik Zəfər yolunun, eyni zamanda, milli Konstitusiyamızın qəbulundan ötən 30 ilin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir uğur, Zəfər növbəti hədəflərin, çağırışların başlanğıcıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti