Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatası 2025-ci il üzrə iş planına uyğun olaraq “Azəristiliktəchizat” ASC-də dövlət vəsaitlərinin və əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb. Audit 2023–2025-ci illəri əhatə edib və ümumi maliyyə dövriyyəsi 149,3 milyon manat daxilolma, 146,7 milyon manat xərclə yekunlaşıb.
Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata görə, yoxlama nəticəsində müəyyən olunub ki, istilik enerjisi istehsalında əsas xərclər qaz və elektrik enerjisinə yönəlib, bu isə dövlət büdcəsindən subsidiya tələbatını artıran əsas amil olub. Son illərdə istilik tariflərinin tənzimlənməsi nəticəsində gəlirlər artsa da, subsidiya həcminin azaldılmasına başlanmayıb.
Audit göstərib ki, bir çox binalarda istilik təchizatı xidmətləri çox az sayda mənzili əhatə edir və bu, sistemin modernləşdirilməsi və abonent bazasının genişləndirilməsi işlərinin yetərincə həyata keçirilmədiyini göstərir.
Bundan başqa, 244 qazanxananın bir hissəsinin “Azəristiliktəchizat” ASC-nin balansında olmaması, bəzi obyektlərin isə konservasiya vəziyyətində qalması şirkətin dayanıqlılığına mənfi təsir göstərir. Audit həmçinin debitor borcların artdığını və bəzi aktivlərin (1,6 milyon manat dəyərində) mühasibat uçotunda tam əks etdirilmədiyini müəyyən edib.
Hesablama Palatasının Kollegiyası 3,6 milyon manatlıq hissənin bərpasını nəzərə alaraq nöqsanların aradan qaldırılması və aidiyyəti qurumlara müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib.
