...

Qlobal tədqiqat metodlarına inteqrasiya davam edir: AzMİU-da avstriyalı professorla beşgünlük elmi sessiya başladı (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2025 11:38 (UTC +04:00)
Qlobal tədqiqat metodlarına inteqrasiya davam edir: AzMİU-da avstriyalı professorla beşgünlük elmi sessiya başladı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 50 illik yubiley tədbirləri çərçivəsində “Funksional analiz və tətbiqlərinin müasir problemləri” mövzusunda beşgünlük elmi vorkşop öz işinə başlayıb.

Vorkşop çərçivəsində Avstriyanın Qrats Texnologiya Universitetinin Riyaziyyat, Fizika və Geodeziya fakültəsinin dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi Behrndt AzMİU-nun qonağıdır.

Vorkşopun açılışında professor Jussi Behrndt “Sinqulyar potensiallı diferensial operatorlar” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə funksional analizdə sinqulyar potensialların rolu, onların spektral nəzəriyyədə tətbiqləri, müasir elmi yanaşmalar və praktiki əhəmiyyətindən bəhs olunub. Vorkşop interaktiv müzakirə şəraitində keçib, iştirakçılar professorun beynəlxalq tədqiqat istiqamətləri və bu sahədə son elmi yeniliklərlə tanış olublar.

Beş gün davam edəcək vorkşop çərçivəsində professor Behrndt “Zəif əlaqəlilik fenomeni və dayanıqsızlıq”, həmçinin “Robin Laplasianlarının yeni sinfi” mövzularında məruzələr təqdim edəcək, AzMİU alimləri ilə birgə elmi müzakirələr aparacaq.

Qeyd edək ki, əsasən mühəndislik ixtisasları ilə seçilən AzMİU-da elmi tədqiqat potensialının artırılmasında tətbiqi elmlərin, xüsusilə də riyaziyyatın və funksional analiz istiqamətinin rolu böyükdür. Bu istiqamətdə keçirilən vorkşoplar universitetdə elmin tədrisə inteqrasiyası və gənc tədqiqatçıların inkişafı üçün mühüm elmi platforma yaradır.

AzMİU-da bu kimi tədbirlər universitetin tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində atılan uğurlu addımların bariz nümunəsidir. Universitet rəhbərliyinin strategiyasına uyğun olaraq, elm və beynəlxalq əməkdaşlığın sintezi yeni nəsil tədqiqat mühitinin formalaşmasına xidmət edir.

Bu prosesdə AzMİU-nun beynəlmiləlləşdirilməsi ilə paralel olaraq elmin də qlobal elm arenasına inteqrasiyası istiqamətində əsas prioritetlərdəndir. Aparıcı dünya universitetlərinin elmi potensialı AzMİU-ya inteqrasiya olunur, eyni zamanda AzMİU-nun elmi nəticələri və alimləri qlobal elmi arenaya çıxış əldə edirlər.

Xəbər lenti

Xəbər lenti