Bakı. Trend:
Azərbaycan vasitəsilə İran və Rusiya arasında elektrik mübadiləsi İranın elektrik şəbəkəsinin texniki sabitliyi üçün önəmlidir.
Trend-in məlumatına görə, bunu İranın Elektrik İstehsalı, Nəqli və Paylanması Şirkətinin (TAVANIR) xarici elektrik ticarəti idarəsinin baş direktoru Mehrdad Eqlimi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bir ölkənin elektrik şəbəkəsinin başqa bir ölkənin elektrik şəbəkəsinə qoşulması bir çox üstünlüklər yarada bilər.
Eqlimi bildirib ki, hazırda İran və Rusiya arasında Azərbaycan vasitəsi ilə ilin müəyyən vaxtlarında elektrikin mübadilə olunması diqqət mərkəzindədir. Çünki ilin bəzi vaxtlarında İranın elektrikə, bəzi vaxtlarda isə Rusiyanın elektrikə ehtiyacı var. Hər halda bu proses energetika diplomatiyasının güclənməsi ilə nəticələnə bilər.
Şirkət rəsmisi əlavə edib ki, digər tərəfdən Rusiyanın elektrik şəbəkəsi bir çox ölkələrə, hətta Şərqi Avropa ölkələrinə birləşib. İran və Rusiyanın elektrik şəbəkəsinin birləşməsi isə beynəlxalq səviyyədə elektrik bazarının təşkil olunması ilə nəticələnə bilər.
Eqlimi deyib ki, bundan başqa Rusiya kimi İran Türkiyənin də elektrik şəbəkəsinə qoşula bilərsə, Avropanın elektrik bazarına daxil ola bilər.
Əlavə edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.
