...

Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövr ərzində neçə vakansiya təqdim edilib?

Cəmiyyət Materials 28 Oktyabr 2025 12:29 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövr ərzində neçə vakansiya təqdim edilib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ötən dövrü ərzində işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə 187 əmək yarmarkası təşkil edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunmuş tədbirlərdə ümumilikdə 1777 müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 15 min 657 vakansiya təqdim edilib.

Qeyd edək ki, əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir.

Yarmarkalar işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etmələri, aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrları seçmələrinə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

Yarmarkada iştirak etməklə vətəndaşlar karyera imkanları, əmək bazarı, peşələr haqqında məlumatlar əldə edə, Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə tanış ola, aktiv məşğulluq tədbirlərinə müraciət edə bilirlər.

Yarmarkanın təşkil edilməsi üçün Agentliyin Regional Məşğulluq filialları tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir. Əvvəlcədən yarmarkalarda iştirak etmək üçün müraciət etmiş işaxtaran və işsiz şəxslərə yarmarkanın yeri, tarixi və vaxtı, yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar barədə məlumat verilir. Eyni zamanda, qeyd olunan məlumatlar Agentliyin rəsmi internet səhifələrində dərc edilir və Nazirliyin “Əmək və məşğulluq” altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.

Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

  • karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;
  • peşə seçiminə istiqamətləndirilir;
  • peşə hazırlığına cəlb edilir;
  • haqqı ödənilən ictimai işlərə cəlb edilir;
  • iş yerlərinə göndəriş verilir.

Yarmarkada iştirak edən işəgötürənlər isə:

  • ölkənin hər bir nöqtəsində işaxtaran və işsiz şəxslərlə bir araya gəlmək,
  • əmək bazarının tələblərinə cavab verən işaxtaran və işsiz şəxslərin CV formalarını əldə etmək,
  • gələcək vakansiyalar üçün real və interaktiv data banka sahib olmaq,
  • məşğulluq tədbirləri və proqramları ilə bağlı məlumat əldə etmək imkanı qazanırlar.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti