Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 955,5 milyon ABŞ dolları təşkil edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 359,7 milyon dollar və ya 60,4 faiz çoxdur.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət əməliyyatlarının həcm payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,73 faizini təşkil edib. Beləcə, Böyük Britaniya Azərbaycanın ən çox qarşılıqlı ticarət əməliyyatları həyata keçirdiyi ölkələrin sırasında yeddinci yer tutub.
Belə ki, cari ilin yanvar- sentyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 241,2 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu 2024-cü ilin analoji dövrünün göstəriciləri ilə müqayisəd 159 milyon dollar və ya 39,7 faiz azdır. Digər yandan, Böyük Britaniyadan Azərbaycana idxal isə sözügedən müddət ərzində 714,3 milyon dollar həcmində olub ki, bu da illik ifadədə 518,7 milyon dollar və ya 3,7 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları (və ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard ABŞ dolları (və ya 14,5 faiz) artıb.
