Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Sahilə Vəliyeva Nazirliyin rəsmi səhifəsinə müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Sahilə xanım, hamiləlik dövründə sağlam həyat tərzi körpənin gələcək həyatına necə təsir edir?
- Hamiləlik qadın həyatının ən həssas, eyni zamanda ən
məsuliyyətli mərhələlərindən biridir. Bu dövr yalnız fiziki deyil,
eyni zamanda psixoloji və sosial baxımdan da böyük dəyişikliklərlə
müşayiət olunur. Ana bətnində başlayan yeni bir həyatın sağlam
şəkildə formalaşması üçün göstərilən hər bir diqqət, gələcək
nəsillərin sağlamlığına qoyulan əsasdır. Məhz bu səbəbdən,
hamiləlik dövründə qadının həyat tərzindəki hər bir vərdiş və
davranış xüsusi əhəmiyyət kəsb edir. Bu vərdişlərin əsas
istiqamətləri düzgün qidalanma, fiziki aktivlik, psixoloji sabitlik
və davamlı tibbi nəzarət olmalıdır. Bu dövrdə sağlam həyat tərzinin
qorunması, həm ananın öz fiziki və zehni rifahına, həm də dölün
normal inkişafına birbaşa təsir edir.
Hamiləlik, bədənin fizioloji dəyişikliklərinə adaptasiya dövrü
olmaqla yanaşı, eyni zamanda qadının həyatında yeni bir mərhələyə
keçid prosesidir. Belə bir vaxtda atılan hər düzgün addım, gələcək
körpənin həyat keyfiyyətini formalaşdırmaq baxımından olduqca
əhəmiyyətlidir.
- Hamiləlik dövründə qidalanma ananın və dölün inkişafında nə kimi rol oynayır?
- Hamiləlik dövründə qidalanma yalnız ana üçün deyil, gələcək
körpənin sağlamlığı və normal inkişafı üçün də həyati əhəmiyyət
daşıyır. Bu dövr ərzində qadın orqanizmi həm öz ehtiyaclarını, həm
də böyüyən dölün qida və enerji tələbatını qarşılamalı olur. Əsas
hədəf yalnız kilo almaq deyil, körpənin sağlam inkişafını
dəstəkləyən zəruri maddələri optimal şəkildə qəbul etmək
olmalıdır.
Hamilə qadının gündəlik rasionunda yer almalı olan əsas maddələrdən
biri fol turşusudur. B qrupuna aid olan bu vitamin xüsusilə
hamiləliyin ilk aylarında dölün sinir borusu sisteminin düzgün
formalaşması üçün vacibdir. Fol turşusu çatışmazlığı sinir borusu
qüsurlarına, ciddi doğuş anomaliyalarına səbəb ola bilər.
Dəmir isə həm ananın, həm də körpənin sağlam qan dövranı üçün
əvəzsizdir. Hamiləlik zamanı qanın həcmi artdığı üçün ananın dəmir
ehtiyacı da yüksəlir. Dəmir çatışmazlığı nəticəsində inkişaf edən
qan azlığı anada yorğunluq, halsızlıq və infeksiya riskinin artması
ilə yanaşı, körpədə inkişaf geriliyinə səbəb ola bilər. Həmçinin
doğuş zamanı qan itkisi ehtimalı da nəzərə alındıqda, dəmir
depolarının dolu olması həyati əhəmiyyət daşıyır.
Kalsium həm ananın sümük və diş sağlamlığı üçün, həm də körpənin
skelet sisteminin normal formalaşması üçün vacibdir. Əgər gündəlik
kalsium tələbatı qida ilə ödənilməzsə, döl bu elementi ananın sümük
toxumasından alır və bu da analarda sümük əriməsi və diş
problemlərinə səbəb ola bilər. Gündəlik kalsium tələbatı təxminən
1000-1200 mq təşkil edir. Bu miqdar süd məhsulları, yaşıl yarpaqlı
tərəvəzlər və bəzi balıq növləri ilə təmin edilə bilər.
Zülal, yəni protein isə, dölün hüceyrə və toxuma quruluşunun əsas
tikinti materialıdır. Bu maddə həm əzələ, orqan və dəri kimi
toxumaların formalaşmasında, həm də immun sisteminin güclənməsində
əhəmiyyətlidir. Hamilə qadın üçün gündəlik zülal tələbatı təxminən
70-100 qramdır. Bu miqdar yumurta, ət, süd məhsulları, paxlalılar
və qoz-fındıq kimi məhsullarla təmin edilə bilər.
Bu maddələrin təmin olunması üçün hamilə qadınların gündəlik qida
menyusunda təzə meyvə və tərəvəzlərə geniş yer ayrılmalıdır. Bu
məhsullar həm vitamin, həm də lif baxımından zəngindir, eyni
zamanda həzm sisteminin sağlam işləməsinə və qəbizlik kimi
problemlərin qarşısının alınmasına kömək edir. Tam taxıllar –
yulaf, kinoa, qəhvəyi düyü – enerjini tədricən verən, liflə zəngin
məhsullar olmaqla yanaşı, qan şəkərinin stabilliyini də qoruyur.
Süd və süd məhsulları kalsium, D vitamini və zülal mənbəyi kimi
gündəlik menyuda mütləq yer almalıdır. Hamilələr üçün az yağlı
yoqurt, kefir və pendir tövsiyə olunur. Yağsız ət, yumurta və
paxlalılar zülal və dəmirin əsas mənbəyi olaraq, əzələlərin
möhkəmlənməsinə və qanazlığının qarşısının alınmasına kömək edir.
Qoz-fındıq, badam və balıq növləri, xüsusilə də Omeqa-3 ilə zəngin
balıqlar, beyin və sinir sisteminin inkişafında mühüm rol
oynayır.
- Hansı qidaların hamiləlikdə istifadəsi tövsiyə olunmur?
- Bəzi qidalar hamiləlik dövründə ciddi şəkildə qadağan edilməli
və ya məhdudlaşdırılmalıdır. Xam ət və balıq kimi qidalar
infeksiyalarla yoluxma riski daşıdığına görə istisna olunmalıdır.
Kofeinin gündəlik dozanın 200 mq-dan çox olmaması tövsiyə edilir.
Kofeinin yüksək dozası düşük və ya aşağı çəkili körpə riski yarada
bilər. Alkoqol və siqaret istifadəsi isə dölün beyin inkişafını
zəiflədə, doğuş qüsurlarına, erkən doğuş və hətta hamiləliyin
itirilməsinə səbəb ola bilər.
Digər tərəfdən, konservantlarla zəngin məhsullar, çox duzlu və
şəkərli qidalar orqanizmdə iltihabi prosesləri artıra, qanda
şəkərin səviyyəsini yüksəldə və artıq çəkiyə səbəb olur. Belə
məhsulların tərkibində olan trans yağlar və süni qatqılar körpənin
inkişafına mənfi təsir göstərə bilər.
- Fiziki aktivlik hamiləlik dövrünə necə təsir göstərir?
- Hamiləlik dövründə fiziki aktivlik yalnız estetik görünüş və
çəki nəzarəti üçün deyil, eyni zamanda ümumi sağlamlığın qorunması,
stressin azaldılması, doğuş prosesinin yüngülləşdirilməsi və
doğuşdan sonrakı bərpa müddətinin daha rahat keçməsi üçün də
əvəzsiz vasitədir. Bu dövr ərzində qadının bədənində sürətli hormon
dəyişiklikləri, çəki artımı və daxili orqanlarda yerləşim
dəyişikliyi baş verdiyindən, bu dəyişikliklərə adaptasiya üçün
bədən hərəkətdə olmalıdır.
Araşdırmalar göstərir ki, hamiləlik dövründə nizamlı və düzgün
həyata keçirilən fiziki fəaliyyətlər hamiləliklə bağlı bir çox
risklərin – gestasion diabet, hamiləlik hipertonyası, həddindən
artıq çəki artımı, damar problemləri və doğuş zamanı çətinliklərin
qarşısını almaqda təsirli rol oynayır. Fiziki hərəkətlər eyni
zamanda maddələr mübadiləsini sürətləndirir, qan dövranını
yaxşılaşdırır və toxumaların oksigenlə təminatını artırır ki, bu da
həm ana, həm də döl üçün olduqca faydalıdır.
Fiziki aktivlik növü seçilərkən qadının əvvəlki idman təcrübəsi,
ümumi sağlamlıq durumu və hamiləliyin gedişi nəzərə alınmalıdır.
Hər bir qadın üçün uyğun olmayan fəaliyyətlər risk yarada bilər. Bu
baxımdan, gündəlik 30 dəqiqəlik yüngül gəzinti həm ən təhlükəsiz,
həm də ən faydalı fiziki fəaliyyət növlərindən biri hesab olunur.
Gəzinti zamanı bədən hərəkətdə olur, qan dövranı aktivləşir və
tənəffüs sistemi güclənir. Təmiz havada edilən gəzintilər eyni
zamanda zehni rahatlamağa, stresin azaldılmasına və yuxu
keyfiyyətinin yaxşılaşmasına da yardım edir.
Bununla yanaşı, prenatal yoga da hamilə qadınlar üçün tövsiyə
edilən məşqlər sırasındadır. Bu növ məşqlər əsnəmə, tənəffüs və
diqqət yönəltmə üzərində qurulduğuna görə, həm bədənin
elastikliyini artırır, həm də doğuş zamanı lazım olan tənəffüs
texnikalarının öyrənilməsinə imkan yaradır. Üzgüçülük isə bədəni
yormadan bütün əzələləri işlədən nadir fəaliyyətlərdəndir. Su
bədənin ağırlığını azaldaraq, oynaqlara düşən təzyiqi azaltdığı
üçün bel və ayaq ağrılarının azaldılmasında mühüm təsir
göstərir.
Ancaq fiziki fəaliyyət zamanı təhlükəsizliyə maksimum dərəcədə
riayət edilməlidir. Mütləq şəkildə məşq etməzdən öncə həkimlə
məsləhətləşmək, məşqləri peşəkar təlimçi nəzarəti altında yerinə
yetirmək və bədənin verdiyi siqnallara diqqətlə yanaşmaq vacibdir.
Hamilə qadın məşq zamanı narahatlıq hiss edərsə, dərhal
fəaliyyətini dayandırmalı və həkiminə məlumat verməlidir.
- Sağlam hamiləlik üçün mütəmadi həkim nəzarəti şərtdirmi?
- Hamiləlik müddətində ən önəmli və dəyişməz şərtlərdən biri isə
müntəzəm tibbi nəzarətdir. Hər bir qadın bu dövrdə həkim
nəzarətində olmaqla, ana və körpə həyatına yönəlik risklərin erkən
mərhələdə aşkarlanması və qarşısının alınması imkanına malik olur.
Tibbi nəzarət çərçivəsində ultrasəs müayinələri ilə dölün inkişafı
mərhələli şəkildə izlənilir, qan və sidik analizləri vasitəsilə
ananın sağlamlıq durumu qiymətləndirilir, infeksiyaların, şəkərli
diabetin və qan azlığının qarşısı vaxtında alınır. Eyni zamanda,
kardiotokoqrafiya (KTQ) müayinəsi ilə dölün ürək döyüntüləri və
hərəkətləri izlənir, bu da doğuşa hazırlığın daha təhlükəsiz
keçməsinə imkan verir. Bundan əlavə, doğuşa hazırlıq kursları
vasitəsilə ana namizədlər tənəffüs texnikaları, doğuş zamanı tətbiq
ediləcək üsullar və doğuşdan sonrakı əmizdirmə mərhələsi barədə
ətraflı məlumatlandırılır.
Sonda qeyd etmək lazımdır ki, hamiləlik dövrü sadəcə bioloji bir
proses deyil, həmçinin gələcək nəsillərin sağlamlıq bünövrəsinin
qoyulduğu mühüm bir dövrdür. Düzgün qidalanma, nizamlı fiziki
fəaliyyət, psixoloji sabitlik və peşəkar tibbi nəzarət bir-biri ilə
əlaqəli şəkildə işləməli, sistemli və davamlı şəkildə həyata
keçirilməlidir. Sağlam ana, sağlam gələcəyin ən əsas zəmanətidir və
hər sağlam körpə, cəmiyyətin sağlam inkişafına atılmış ən vacib
addımlardan biridir. Bu səbəbdən də hamiləlik dövrünə verilən
dəyər, əslində bütöv bir gələcəyə verilmiş dəyərdir.