Bakı. Trend:
İspaniya La Liqasının 10-cu turunda keçirilən “El Klassiko”da Madridin “Real” klubu “Barselona” üzərində qələbə qazanıb – 2:1.
Trend xəbər verir ki, qarşılaşma “Santiago Bernabeu” stadionunda baş tutub və oyunu baş hakim Sesar Soto Qrado idarə edib.
Matçın 22-ci dəqiqəsində Kilian Mbappé “Real”ı önə çıxarıb – 1:0. 38-ci dəqiqədə “Barselona”nın futbolçusu Fermin Lopez hesabı bərabərləşdirib – 1:1.
43-cü dəqiqədə “Real”ın yarımmüdafiəçisi Cud Bellingem komandasına qələbə qazandıran qolu vurub – 2:1. Matçın əlavə vaxtında (90+10) “Barselona”nın oyunçusu Pedri ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, bu qələbə sayəsində “Real Madrid” 10 oyundan sonra 27 xalla La Liqada liderliyini möhkəmləndirib. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.
