Bakı. Trend:
Pakistanın milli aviaşirkəti Pakistan Beynəlxalq Hava Yolları (PIA), 5 illik fasilədən sonra İngiltərəyə birbaşa uçuşları bərpa edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ilk reys İslamabaddan Mançesterə həyata keçirilib.
Bu, şirkətin 2020-ci ildə baş verən faciəvi qəza və saxta pilot lisenziyası qalmaqalı səbəbindən tətbiq olunan beynəlxalq qadağanın ardından ilk uçuşdur.
Böyük Britaniya və Avropa İttifaqı, 2020-ci ilin iyun ayında Kəraçidə baş vermiş qəza və pilotların saxta lisenziyaları ilə bağlı araşdırmaların ardından PIA-nı beynəlxalq uçuşlardan müvəqqəti olaraq uzaqlaşdırmışdı. Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA), 2024-cü ilin noyabrında şirkətin təhlükəsizlik standartlarını bərpa etməsi ilə bağlı müsbət qiymətləndirmə verərək qadağanı qaldırıb.
PIA, Mançester istiqamətindəki uçuşları bərpa etdikdən sonra London və Birmingem istiqamətlərini də mərhələli şəkildə açmağı planlaşdırır. Şirkət, bu addımın Amerika Birləşmiş Ştatlarına uçuşların bərpası üçün müsbət təsir göstərəcəyini və bu istiqamətdə danışıqların davam etdiyini bildirib.
Qeyd edək ki, 2020-ci ilin may ayında Kəracidə Pakistan Beynəlxalq Hava Yollarına məxsus PK8303 reysinin qəzaya uğraması nəticəsində 97 nəfər həlak olmuşdu. Qəzanın araşdırılması zamanı ölkədə fəaliyyət göstərən pilotların təxminən 30%-nin saxta və ya düzgün qaydada əldə edilməmiş pilot lisenziyalarına sahib olduğu müəyyən edilib.
Bu qalmaqalın ardından Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Böyük Britaniya Mülki Aviasiya İdarəsi Pakistan Beynəlxalq Hava Yollarının Avropa və Böyük Britaniyaya uçuşlarını müddətsiz olaraq dayandırıb.