...

İsveçdə atışma nəticəsində bir neçə nəfər yaralanıb

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 03:42 (UTC +04:00)

Bakı. Trend:

İsveçin Yevle şəhərinin Bryunes rayonunda atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Trend xəbər verir ki, hadisə parkın yaxınlığında baş verib. Polis ərazini mühasirəyə alaraq genişmiqyaslı əməliyyat aparır. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bir neçə atəş açılıb. Yaralıların dəqiq sayı və xəsarət dərəcəsi hələ müəyyənləşdirilməyib. “Bir neçə yaralımız var, ərazi mühasirəyə alınıb, istintaq davam edir”, - deyə polisin mətbuat katibi Maqnus Yansson Klarin bildirib.

SVT telekanalının məlumatına görə, atışma zamanı bir nəfər həlak olub. Polis məlumatı şərh etməkdən imtina edir.

Polis şübhəlilərin axtarışını həyata keçirir. Hələlik heç kim saxlanılmayıb. Hadisə şahidləri yerli mediaya bildiriblər ki, atəş səsləri fişəng səslərinə bənzəyirdi. Gənc bir adam hadisə yerindən təcili tibbi yardım maşını ilə aparılıb.

Üç həftə əvvəl Yevlenin mərkəzində baş vermiş başqa bir atışmada altı nəfər yaralanmışdı. O zaman polis 13 yaşlı yeniyetməni saxlamışdı.

Polis nümayəndəsinin sözlərinə görə, hazırda əhali üçün təhlükə yoxdur, lakin sakinlərə diqqətli və ehtiyatlı olmaları tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti