Bakı. Trend:
Finlandiyada vətəndaşlıq almaq üçün tələbləri əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qanun 2025-ci il dekabrın 17-dən qüvvəyə minəcək.
Trend xəbər verir ki, ölkə Prezidenti Aleksandr Stubb “Milli Koalisiya” partiyasının rəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış düzəlişləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, müraciət edənlərin sabit gəliri olmalıdır; işsizlik müavinəti və ya sosial yardımla yaşayan şəxslər Finlandiya vətəndaşlığı ala bilməyəcək. Əgər şəxs son iki ildə üç aydan çox müddətdə belə yardım alıbsa, onun müraciəti rədd ediləcək.
Bundan əlavə, vətəndaşlıq Finlandiyanın həyati maraqlarını təhdid edən cinayətlərə görə, o cümlədən terrorizm, satqınlıq və dövlətə xəyanət səbəbindən ləğv edilə bilər. İkili vətəndaşlığı olan şəxslər üçün vətəndaşlığın ləğvi üçün nəzərdə tutulan cəza müddəti beş ildən iki ilə endirilib. Həmçinin yalan məlumat verməyə görə vətəndaşlığın ləğvi də mümkündür.
Bu tədbirlər, 2023-cü ildə başlanan daha geniş immiqrasiya islahatının bir hissəsidir. Bundan əvvəl Parlament vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddətini beş ildən səkkiz ilə qədər artırmışdı. Yeniliklər Helsinkidə etirazlara və kütləvi nümayişlərə səbəb olub.
