Bakı. Trend:
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze ilə Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.
Tərəflər informasiya və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, iki ölkənin təhlükəsizlik orqanları arasında möhkəm əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir. Görüş zamanı regionda baş verən proseslər və mövcud problemlər də diqqət mərkəzində olub.
Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə təşəkkürünü bildirib və bu səfərin iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən görüşdə həmçinin hər iki ölkənin təhlükəsizlik orqanlarının rəhbərlərinin müavinləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsinin və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
