Bakı. Trend:
Cari ilin yanvar sentyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının ümumi həcmi 1,103 milyard ABŞ dolları təşkil edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin analoji göstəriciləri ilə müqayisədə 2 milyon ABŞ dolları və ya 0,2 faiz çoxdur.
Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatlarının Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 3,12 faiz təşkil edib. Beləcə Almaniya Azərbaycanın həcm baxımından ən çox qarşılıqlı ticarət əməliyyatları həyata keçirdiyi ölkələr sırasında beşinci yeri tutur.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Almaniyaya 468,2 milyon ABŞ dollar dəyərində məhsul ixrac olunub. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,6 milyon dollar və ya 6,1 faiz azdır. Eyni zamanda qeyd olunur ki, Almaniyadan Azərbaycana həmin dövrdə 635,1 milyon ABŞ dolları həcmində məhsul idxal olunub ki, bu illik ifadədəd 32,6 milyon ABŞ dolları və ya 5,4 faiz çoxdur.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 35,375 milyard ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 877 milyon dollar və ya 2,5 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606 milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 1,248 milyard dollar (yaxud 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard dollar (yaxud 14,5 faiz) artıb.
